İlham Əliyev: "Heç bir statusdan söhbət gedə bilməz"

İlham Əliyev:

17-11-2020 17:48 / Bu xəbər 804 dəfə oxundu

"Bütün şərtləri Paşinyanın başına vurduq"

"17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mən öz sözlərimi demişdim. Demişdim, heç vaxt biz imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Mən bu sözləri demişəm və buna əməl etmişəm”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, heç bir statusdan söhbət gedə bilməz: "Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar. Mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”.

İlham Əliyev deyib ki, bundan sonra heç kim Azərbaycanla ulitimatum dilində danışmayacaq: "O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi: rədd ol, çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz, xalqımız üçün belə igidlər yetişdirib”.

İlham Əliyevin sözlərinə görə, Nikol Paşinyan son 2 il ərzində öz ölkəsini məhv edib: "Azərbaycan ordusu həm də Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına Dağlıq Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər. Bəs hanı sizin qəhrəmanlığınız? Döşlərinizə saxta qəhrəman ordenləri vurmusunuz. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir! Sizi – Koçaryan və Sarksyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”.

10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.