İlham Əliyev: "Heç kim soruşa bilməz ki, ay Paşinyan, sən bunu harada imzalamısan?"

İlham Əliyev:

11-11-2020 17:49 / Bu xəbər 1176 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

Prezident çıxışında 10 noyabrda Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Qarabağdakı hərbi əməliyyatların yekunlaşmasına dair imzaladıqları atəşkəs bəyanatı haqqında danışıb.

Onun sözlərinə görə, canlı yayımlanan videogörüş zamanı sənədlərin imzalanması mərasimində Nikol Paşinyanın iştirak etməməsi səbəbsiz olmayıb.

İlham Əliyev deyib ki, o, Paşinyanın canlı yayımda kapitulyasiya aktını imzalamasını tələb etsə də, Rusiya prezidentinin xahişiylə qərarından daşınıb:  

"Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışdılar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. 

Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim, etiraz etmirəm. Dedim, getsin, harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?".///toplum.tv