İlham Əliyev hərbi qulluqçuları təltif etdi

İlham Əliyev hərbi qulluqçuları təltif etdi

09-12-2020 23:17 / Bu xəbər 931 dəfə oxundu

Polad Həşimovla İlqar Mirzəyev Milli Qəhrəman adı aldı

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 33 zabit "Zəfər” ordeninə layiq görülüb. Onların arasında Müdafiə naziri Zakir Həsənov, Daxili işlər naziri Vilayət Eyvazov, Dövlət təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyev, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digərləri var.
 
"Qarabağ” ordeninə layiq görülən 202 hərbçi arasında 4 general-leytenant və digər rütbəli zabitlər də var. 48 hərbçi isə ölümündən sonra bu ordenlə mükafatlandırılıb.

Bu ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, 3 ay sonra azad olunan Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin də "Qarabağ” ordeniylə mükafatlandırılması sosial şəbəkələrdə müzakirə doğurub. Bildirilib ki, Əfqan Nağıyev Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərə rəhbərlik edib.

Dövlət başçısının digər sərəncamıyla Polad Həşimova, İlqar Mirzəyevə və İbad Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Polad Həşimov və İlqar Mirzəyev bu ilin avqustunda Tovuz istiqamətində gedən döyüşlərdə həlak olublar.

İbad Hüseynovun "Azərbaycanın Milli Qəhrəmanı” adı alması da sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət onu bu ada layiq hesab etməyib.

83 hərbçiyə verilən "Vətən Müharibəsi Qəhrəmanı” adı siyahısında Dövlət Sərhəd Xidmətinin rəis müavini İlham Mehdiyevin, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin, Azərbaycan Hərbi Hava Qüvvələrində aviasiyanın rəisi Namiq İslamzadə, Xüsusi Təyinatlı Qüvvələrin müavini Kənan Seyidovun da adı var.

34 hərbçiyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyi qeyd olunub.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur.

Nazirlik onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlərin gördüyünü açıqlayıb.

Bildirilir ki, hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.