İlham Əliyev İran şirkətlərini işğaldan azad edilmiş ərazilərə dəvət etdi

İlham Əliyev İran şirkətlərini işğaldan azad edilmiş ərazilərə dəvət etdi

25-01-2021 18:26 / Bu xəbər 497 dəfə oxundu

Azərbaycan Prezidenti: "Azad edilmiş ərazilərin qurulmasında İran şirkətlərini də görməyə şad olarıq"

Prezident İlham Əliyev İran şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasına dəvət edib.

Bu barədə Azərbaycan dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə deyib.

"Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”.

Dövlət başçısı Xudafərin su anbarında gedən işlərə də toxunub: "Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır”.

İlham Əliyev ümid edib ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəklər: "Həmçinin bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”.

Cavad Zərif: "İran bu işdə yardımçı olmaq arzusundadır”

Nazir Məhəmməd Cavad Zərif ərazilərin azad olunması münasibətilə İlham Əliyevi təbrik edib: "Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin "3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır”.

Diplomat əlavə edib ki, əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə İran üstünlüyə malikdir: "Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub. Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır”.

Layihələrə gəldikdə, Məhəmməd Cavad Zərif bildirib ki, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundadırlar: "Buraya elektrik enerjisinin istehsalı, energetika, "Xudafərin” və "Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.(Meydan.Tv)