İlham Əliyev: İşğal olunmuş ərazilər əməliyyat planı üzrə azad edilir

İlham Əliyev:  İşğal olunmuş ərazilər əməliyyat planı üzrə azad edilir

05-10-2020 15:41 / Bu xəbər 1072 dəfə oxundu

Prezident İlham Əliyev "TRT Haber” telekanalına müsahibə verib.

O, müsahibəsində Qarabağda gedən döyüş əməliyyatlarından danışıb.

Ölkə başçısı bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilər əməliyyat planı üzrə azad edilir: "İşğal altındakı torpaqlarımızın geri alınması əməliyyat plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilib. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir".

İlham Əliyev deyib ki, Cəbrayıl rayonunun mərkəzi və bir neçə kəndi də işğaldan azad edilib: "Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.