İlham Əliyev Makronu “küçə leksikonu”ndan istifadədə ittiham edib

İlham Əliyev Makronu “küçə leksikonu”ndan istifadədə ittiham edib

14-10-2022 18:44 / Bu xəbər 1336 dəfə oxundu

"Avropa İttifaqının missiyası KTMT-nin məsuliyyət zonasında yerləşəcək”

"Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, – Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında səsləndirib.

İlham Əliyev xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi: "Lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi. Özü də bu xidmətlər faydadan daha çox ziyan gətirən xidmətlər idi. Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, – Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi”.

"Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Ancaq Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqada görüşündən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib”, – deyə o bildirib.

Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı: "Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Makron daha sonra Fransanın heç vaxt Ermənistanı atmayacağını bəyan etdi. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir”.

"Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”

İlham Əliyev Makronun Rusiyanın da ünvanına səsləndirdiyi sərt ifadələrinə də toxunub: "O, "Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirirdi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

Prezident həmçinin Fransanın xarici işlər nazirinin, Fransa Senatının və aşağı palatanın İkinci Qarabağ müharibəsi dövründəki bəyanatlarına münasibət bildirib: "Bu qurumlar qondarma "Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, – mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi”.

Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, – mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım. Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”, – deyə İlham Əliyev qeyd edib.

Fransa Prezidenti E.Makron oktyabrın 12-də demişdi ki, Rusiya Ermənistan və Azərbaycanı son toqquşmalara məqsədyönlü təhrik edib.

O, Rusiyanı Qafqazda, həmçinin onun hüdudlarından kənarda sabitliyi pozmaqda və münaqişəsini qızışdırmaqda günahlandırmışdı.

Rusiya Prezidenti Vladimir Putin Astanada çıxışı zamanı Makronun söylədiklərini qəbuledilməz adlandırıb: "Fransa Prezidenti Emmanuel Makronun Qafqazda vəziyyətin Rusiya tərəfindən qəsdən destabilləşdirilməsi ilə bağlı bəyanatları qəbuledilməzdir və düzgün deyil”.

Fransa dövlət başçısı eyni zamanda, ölkəsinin Ermənistanı tək qoymayacağını deyib: "Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə hücuma keçib. Biz onları qınadıq. Biz erməniləri tək qoymacağıq”.

"İki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”

Praqa görüşünə toxunan İlham Əliyev deyib ki, bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub: "Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Ölkə başçısı Azərbaycanın 2020-ci ilin noyabrı bəyanatının müddəalarını yerinə yetirdiyini deyib: "O cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir. Halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.

İlham Əliyevin sözlərinə görə, Praqa görüşündə Qarabağ ermənilərinin taleyi ilə fikir mübadiləsi olub: "Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib”.