“İlham Əliyev mənə anamın qırx mərasimində də iştirak etməyə icazə vermədi”
30-07-2021 13:20 / Bu xəbər 3810 dəfə oxundu
Tofiq Yaqublunun ərizəsi təmin olunmayıb
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə ərizəsinə baxılıb.
Üzərində şərti cəza olduğuna görə siyasi fəal anasının hüzr mərasimində iştirak məqsədilə ölkədən çıxışına icazə verilməsi üçün məhkəməyə üz tutmuşdu.
İyulun 30-da Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimov Tofiq Yaqublunun ərizəsinin təmin olunmadığını elan edib.
Bu barədə Meydan TV-yə siyasi fəalın vəkili Aqil Layıc məlumat verib: "Tofiq Yaqublunun ölkədən çıxmasına icazə verilməsi haqda ərizəsi məhkəmə tərəfindən təmin edilmədi. O, anasının yas mərasimində iştirak etmək üçün Gürcüstana gedə bilməyəcək”.
Məhkəmədə qarşı tərəf ərizənin təmin olunmasına etirazını belə əsaslandırıb ki, Tofiq Yaqublu haqqında 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının şərti cəza ilə əvəzlənmə haqda apelyasiya məhkəməsinin qərarı yenidir, qeydiyyata salınmayıb, Tofiq Yaqublunun sınaq müddəti qaydalarına əməl edib-etməyəcəyi bəlli deyil.
Tofiq Yaqublu ölkədən çıxışına icazə verilməməsi haqda qərarı belə şərh edib: "İlham Əliyev mənə heç olmasa, anamın qırx mərasimində də iştirak etməyə icazə vermədi. Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov Baş Prokurorluğun müstəntiqi Şahin Şükürovla birləşərək, İlham Əliyevin sifarişini canla-başla məhkəmə qərarı şəklində rəsmiləşdirdilər”.
Tofiq Yaqublu 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra Tofiq Yaqublu aclığı dayandırıb.
İyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu bu hökmdən də Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
O, özünü təqsirli bilmir, kimsəyə xəsarət yetirmədiyini, sifarişlə həbs olunduğunu bildirir.