İlham Əliyev: ''...otursun yerində, yoxsa axırı pis olacaq''

İlham Əliyev: ''...otursun yerində, yoxsa axırı pis olacaq''

19-09-2018 16:31 / Bu xəbər 2763 dəfə oxundu

"Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. 

aİyunda Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir".

Prezident İlham Əliyev Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışı zamanı etdiyi çıxışında belə deyib. Bildirib ki, bu gün Ermənistan ordusu Azərbaycanla rəqabət apara bilməz:

"Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər".

Prezident deyib ki, Azərbaycan bu istiqamətdə siyasətini ardıcıl olaraq aparacaq, ordu daha da güclənəcək:

"Daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.

Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır".

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə açıqlamalarının birində bildirib ki, ictimai fikrin hakimiyyət tərəfindən idarə olunmasına baxmayaraq, cəmiyyətdə belə bir sual vardı: Necə olur ki, Ermənistanın baş nazirinin oğlu əsgər gedir, lakin Azərbaycan prezidentinin oğlu hələ də əsgər getməyib?

Bundan sonra sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

And içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də olub.

N. Paşinyan yayılan görüntülərdən sonra növbəti açıqlama verərək bildirmişdi ki, İlham Əliyevin oğlunun əsgər getməyi mühüm hadisədir. Lakin, o, Bakıda xidmət göstərir. O, öz oğlundan misal çəkib deyir ki, iki ay əvvəl oğlu könüllü olaraq cəbhə xəttinə xidmət etməyə yollanıb.

Sentyabrın 18-də isə Ermənistan mətbuatı N.Paşinyanın Qarabağın şimalındakı ermənilərin işğal etdiyi mövqelərə baş çəkməsi (red. "Qarabağın şimalı” deyiləndə böyük ehtimalla Kəlbəcər-Murov istiqaməti nəzərdə tutulur) haqda məlumat yayıb.

Paşinyan işğal olunmuş ərazilərimizə səfər zamanı 18.09.2018