İlham Əliyev: "Paşinyan 6 saat Qranadaya uçur, Bişkekə 2-3 saatlıq uça bilmir"
11-10-2023 16:21 / Bu xəbər 951 dəfə oxundu
"Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında deyib.
"Həmçinin, Sizləri məlumatlandırmaq istərdim ki, oktyabrın 12-də, bir gün sonra Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Bişkekdə görüşü baş tutmalıdır. Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz və müttəfiqimizdir, həmçinin, Ermənistanın müttəfiqidir.
Bu ölkə minlərlə kilometr məsafədə yerləşən ölkələrdən fərqli olaraq, bizim regionda yerləşir. Təbii ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi, təbii olaraq, Rusiya tərəfinin vasitəçiliyini şərtləndirir. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz rus və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, Ermənistan tərəfi bu görüşdən imtina etdi.
İndi isə sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsə idi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bilmir, vacib işləri var. Bax bütün bunları biz açıq şəkildə deməliyik. Hamı bunu görür, lakin bunu demək və buna əsaslanmaq lazımdır", - dövlət başçısı deyib.