İlham Əliyev: “Çörəyin qiymətinin qalxması qaçılmaz idi”

İlham Əliyev: “Çörəyin qiymətinin qalxması qaçılmaz idi”

13-01-2022 01:57 / Bu xəbər 1119 dəfə oxundu

"Bu ilin büdcəsi Azərbaycan tarixində ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq”.

Bu açıqlamanı dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziyalara müsahibəsində səsləndirib.

İlham Əliyev bildirib ki, bu ilin büdcəsi keçən il əldə edilmiş nailiyyətlərin hesabına artıb: "Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Təbii ki, iqtisadi sahə istisna deyil”.

Prezident iqtisadi artımın 5 faizdən çox olduğunu söyləyib: "Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır. Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir”.

 "Nadir ölkələrdənik ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir”

İlham Əliyev Azərbaycanın valyuta ehtiyatlarının 2,5 milyard dollar artdığını deyib: "Hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

"Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər”, - Əliyev belə deyib.

"10 milyard dollar valyutanı itirdik”

Ölkə başçısı xatırlayıb ki, bir neçə il əvvəl manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi: "Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik. Yəni, belə hallar olub. Amma mənim prezidentlik dövrümdə mən tək bu halı yada sala bilərəm. Bu hal, bu addım qaçılmaz idi”.

"Çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik”

İlham Əliyev çörəyin qiymətinin qalxmasını qaçılmaz adlandırıb. Onun sözlərinə görə, dünyada taxılın, buğdanın qiyməti kəskin artıb: "Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın”.

"Minimum əməkhaqqının artımı bizi qane etmir”

O, geniş sosial paket həyata keçirilməsi nəticəsində minimum əməkhaqqının 20 faiz, minimum pensiyanın 20 faiz artırıldığını deyib: "Bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq”.

İlham Əliyev Azərbaycan xalqını əmin edib ki, imkan daxilində, imkan yarandıqca əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəklər: "Necə ki mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi”.

"Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb”

Dövlət başçısının sözlərinə görə, Azərbaycan özünü 90 faiz həcmində mal ətilə təmin edir: "Qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır”.

Prezident azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanıldığını söyləyib: "Böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada – dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi”.

"Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub”, – İlham Əliyev deyib.

"İctimai nəzarət gücləndirməliyik”

Kadr dəyişikliyinə toxunan İlham Əliyev təəssüflənib ki, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır: "Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır”.

"Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin”, – prezident deyib.

İlham Əliyev vətəndaşlara müraciət edib ki, biganə qalmasınlar və nəzarət etsinlər. Onun fikrincə, ictimai nəzarət bir çox məmuru bu cinayət xarakterli işlərdən çəkindirəcək: "Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

"Rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq…”

Yanvarın 11-də atəşkəsin pozulması barədə danışan Əliyev hesab edir ki, bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Prezident qarşı tərəfi hədələyib: "Əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın”.

"Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq”, – İlham Əliyev deyib.

Prezidentin fikrincə, Ermənistan tərəfi bu məsələdə tərəddüd edir: "Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər”.

"Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq”, – deyən İlham Əliyev daha sonra vurğulayıb ki, əgər ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirsə, o zaman azərbaycanlılar da onların ərazi bütövlüyünü tanımayacaq: "Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün”.

"Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”

Rusiya sülhməramlılarının fəaliyyətinə toxunan Prezident bildirib ki,əraziyə gedən maşınların 91 faizi yoxlanılmır: "Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”.