İlham Əliyev: "Sülh sazişi imzalamağın vaxtı gəlib"

İlham Əliyev:

29-04-2022 16:16 / Bu xəbər 4724 dəfə oxundu

Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.

"Prezident.az”ın məlumatına görə, bunu aprelin 29-da ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda İlham Əliyev bildirib.

Prezident deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik: "Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb.

İlham Əliyev vurğulayıb ki, bu İkinci Qarabağ müharibəsindən il yarım sonra mühüm əlamət, göstəricidir: «Ümid edirəm, Ermənistan rəhbərliyi və əhalisi sülhün vacibliyini anlayır. Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - İlham Əliyev qeyd edib.