İlham Əliyev və ailəsi işğaldan azad olunan bölgələrə səfər edib

İlham Əliyev və ailəsi işğaldan azad olunan bölgələrə səfər edib

15-02-2021 15:41 / Bu xəbər 480 dəfə oxundu

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

AZƏRTAC-ın fevralın 15-də verdiyi xəbərə görə, Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyulması mərasimində iştirak edib.

Məlumat verilib ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Laçın rayonunda səfərdə olarkən,  İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb. 

"Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə edəcəyik", - deyə Prezident bildirib.