İlham Əliyevin köməkçisi ABŞ-da səfərdədir
17-05-2024 18:02 / Bu xəbər 698 dəfə oxundu
Con Bass: "Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir.
Bu barədə mayın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyi "X” (Twitter) platformasında məlumat yayıb.
Bildirilib ki, Hikmət Hacıyev ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Con Bass, Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
"Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub”, – deyə məlumatda deyilir.
ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Con Bass da "X” platformasında Hikmət Hacıyevlə görüşdüyünü təsdiqləyib.
O, siyasi motivlərlə həbs olunanların da məsələsinin müzakirə edildiyinə işarə vurub: "Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və Azərbaycanda keçiriləcək COP29-u müzakirə etdik”.
"Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, – deyə o vurğulayıb.