İlham Əliyevin oğlu əsgər getdi

İlham Əliyevin oğlu əsgər getdi

17-09-2018 01:35 / Bu xəbər 3274 dəfə oxundu

Gənc Heydər Əliyev DTX-nın hərbi hissəsində xidmət edəcək

Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

And içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev də var.

Mərasimdə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Sonra hərbi hissənin komandiri andiçmə mərasiminə hazırlıq barədə Ali Baş Komandana məruzə edib.

Prezident İlham Əliyev şəxsi heyəti salamlayıb. 

Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, ardınca gənc əsgərlər and içiblər.
Babasının adını daşıyan Heydər Əliyev Azərbaycan Diplomatik Akademiyasını (ADA) bitirib.

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan oğlunu Qarabağa hərbi xidmətə göndərdiiyini bildirmişdi. Paşinyan bu addımını sülhpərvərliklə bağlamışdı və İlham Əliyevdən də belə bir addım atmasını istəmişdi:

" Bu, sülhpərvər jestdir, çünki, zənnimcə, biz hamımız anlayırıq ki, mən oğlumu Qarabağa göndərməklə orada müharibənin başlamasını istəmirəm. Allah eləməsin ki, mənim oğlum və digər həmvətənlərimin oğlu, Azərbaycan oğulları, Azərbaycanın sıravi vətəndaşlarının oğulları həlak olsun. Əlbəttə ki, bu, mənim üçün problemdir: mən bunun baş verməsini istəmirəm. Prezident İlham Əliyev öz oğlunu həmçinin ora hərbi xidmətə göndərsə, mən buna şad olaram. Çünki onun da oğlu orda xidmət etsə, bəlkə də bu... Mən bunu sülhpərvər jest kimi qəbul edərəm, çünki mən... Onda hamımız əmin olardıq ki, cənab Əliyev həmçinin oğlunun həlak olmasını istəməz”.

Meydan.Tv