"İlham Əliyevlə Mehriban Əliyevaya müraciət etdim, nəticəsi olmadı"

15-09-2021 16:38 / Bu xəbər 2131 dəfə oxundu

Füzuli Dövlətov: "Dövlətə sığorta ödəyirəmsə, müayinəyə niyə pul verməliyəm?"

Cəlilabadın Ocaqlı kənd sakini, II qrup əlil rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovdan şikayətçidir.

Epilepsiya xəstəliyindən əziyyət çəkən şikayətçi deyir ki, xəstəxanada ondan rüşvət tələb ediblər.

Meydan TV-yə danışan şikayətçi bildirib ki, bu ilin martında müayinə və müalicə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

"Məndən 172 manat pul istədilər"

Nevropatoloq ona baş-beyin nahiyyəsinin maqnit rezonans tomoqrafiyasından (MRT) keçməyi tövsiyə edib: "Bunun üçün məndən 172 manat pul istədilər. Buna etiraz etdim, Mədəniyyət Mərkəzində metodist işlədiyimi, dövlətə sığortapulu ödədiyimi bildirdim. Belə olan halda niyə pul verməliyəm? Xəstəxananın baş direktoru Elnur Azadxanov cavabında bildirdi ki, bunun bizə aidiyyəti yoxdur, pulu ödəməsən, MRT olunmayacaqsan”.

"Prezidentə, Birinci vitse-prezidentə müraciət etdim, nəticə yoxdur"

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Baş Prokurorluğa, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb, amma nəticə olmayıb.

"Məktublarıma cavab gəldi ki, müraciətiniz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yönlənidirilib. Üzərindən altı ay keçib, qurum hələ də şikayətimə baxmayıb. Bu ilin mayında yenidən həmin xəstəxanaya əlillik müddətinin uzadılması ilə əlaqədar bildirilş almaq üçün getdim. Komissiyadan keçmək vaxtım idi. Növbəm çatanda, dedilər ki, kağız bitdi. Bir az gözlədim, səbrim çatmadı. Axırda etiraz etdim ki, niyə camaatı incidirsiniz? Xəstəxananın mühafizə xidmətinin əməkdaşı mənə yaxınlaşıb, xoşagəlməz ifadələr işlətdi. Dedi ki, səs-küy salırsan. Mən də bildirdim ki, haqqımı tələb edirəm”, - deyə Füzuli Dövlətov qeyd edib.

"Elnur Azadxanovun yanına getdim, zəng etdilər, polis gəlib məni idarəyə apardı"

O deyir ki, bundan sonra baş direktor Elnur Azadxanovun yanına gedib, amma mübahisə zəminində xəstəxana işçiləri polis bölməsinə zəng ediblər və onu polisə aparıblar: "Polislər gəlib, məni xəstəxanadan Cəlilabad Rayon Polis İdarəsinə apardılar və saatlarla orada saxladılar. Hətta izahat da almadılar. Evə buraxanda isə dedilər ki, get, biz tədbir görəcəyik. Bu günə kimi heç bir tədbir görülməyib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında mənə heç bir xidmət göstərilmir. Öz pulumla özəl klinikalarda müalicə olunuram. Üstəlik, üç aydır ki, pensiyam dayandırılıb. Şikayətimə görə sənədimə baxılmır”.

İTSDA: "TƏBİB-ə, ya da Agentliyə müraciət etsin..."

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Meydan TV-yə bildirilib ki, Füzuli Dövlətov 2021-ci il iyunun 15-də müraciət edib: "Cavab olaraq vətəndaşa yazılı şəkildə bildirilib ki, məktubunda hər hansı konkret fakt və müraciətinin dəqiqləşdirilməsi üçün əlaqə vasitəsi qeyd olunmadığından qurum tərəfindən köməklik göstərilməsi mümkün deyil. Şikayətçinin təsdiqedici sübutları olduğu təqdirdə Agentliyə, yaxud müvafiq instansiyalara müraciət edə bilər. Yalnız bu halda qeyd edilən məsələnin araşdırılması və tibb müəssisəsi, yaxud konkret şəxs barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi mümkündür”.

Agentlikdən bildirilib ki, Füzuli Dövlətov Cəlilabad Rayon Xəstəxanasına baş beyin nahiyəsinin maqnit rezonans tomoqrafiyası ilə bağlı müraciət etməyib: "Vətəndaş tibb müəssisəsində göstərilən xidmətlərin keyfiyyətindən narazıdırsa və ya personal tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla bağlı birinci tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir”.

Agentlik həmçinin qeyd edib ki, vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər.

Bəs qanun nə deyir?

"Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır.

Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır.

Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir.

Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.