İlham Hüseyn azadlığa buraxılıb

İlham Hüseyn azadlığa buraxılıb

16-12-2019 14:26 / Bu xəbər 833 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn dekabrın 15-də həbsdən buraxılıb. 

AzadlıqRadiosu xəbər verir ki, bu barədə İlham Hüseyn danışıb.

O bildirib ki, oktyabrın 16-da saxlanıb. Deməsinə görə, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb, 7 saat orada saxlandıqdan sonra Respublika Narkoloji Mərkəzinə gətirilib, oradan rəy alınıb ki, guya qanında narkotik var.

Bunu uydurma sayan AXCP funksionerinin vurğulamasına görə, o, İnzibati Xətalar Məcəlləsinin 206 ( Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə günahlandırılıb.

İlham Hüseyn 2 ay həbsdə qaldığını əlavə edib. Onun deməsinə görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbsindən apelyasiya şikayəti versə də, rədd cavabı alıb. İlham Hüseyn Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini söyləyib.

İnzibati həbsini siyasi fəaliyyəti ilə izah edən AXCP funksioneri qeyd edib ki, o küçədə evə çörək alarkən saxlanıb.