İlin sonundək "Bank Avrasiya"nın lisenziyasına xitam verə bilər

İlin sonundək

26-10-2023 11:54 / Bu xəbər 2082 dəfə oxundu

Azərbaycanda bank sektorunun sağlamlaşdırılması və şəffaflığın artırılması istiqamətində islahatlar davam etdirilir. 

Bu məqsədlə sektorda dayanıqlığı və kredit portfeli zəif olan bankların lisenziyaları ləğv ediləcək.

"Arqument.az"a verilən məlumata görə, lisenziyasının ləğvi gündəmə gələn banklardan biri də "Bank Avrasiya" ASC-dir. 

Məlumata görə, "Bank Avrasiya"nın lisenziyasının ləğvi artıq Mərkəzi Bankda müzakirə olunmaqdadır.
 
"Bank Avrasiya" 2007-ci ildən fəaliyyət göstərir. 
 
50 milyon manat nizamnamə kapitalı olan bankın Müşahidə Şurasının sədri Fuad Aslanovdur. 
 
"Bank Avrasiya" ASC-nin qanuni təmsilçisi isə Kərimov Rüfət Fuad oğludur.
 
"Bank Avrasiya"-nın 2023-cü ilin 9 ayı üzrə açıqladığı maliyyə hesabatlarında xalis mənfəət artımına baxmayaraq, bankın depozit portfeli də cari ilin ilk 9 ayında 18% və ya 14.3 milyon manat azalaraq 65 milyon 308 min manata enib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə may ayının 17-də "Günay Bank”ın, oktyabr ayının 19-da isə "Muğan Bank"ın lisenziyasını ləğv edib. 

Bundan əvvəl isə "Əmrahbank"ın fəaliyyəti dayandırılmışdı. 

Mərkəzi Bank bu qərarına səbəb kimi hər iki bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından və məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsini qeyd edib.
 
Bank sektoru üzrə ekspert Əkrəm Həsənov "Qaynarinfo"ya deyib ki, Azərbaycanda bağlana biləcək bir neçə bank var. 
 
O, buna səbəb kimi həmin bankların problemlərin olmasını qeyd edib:

"Amma bu o demək deyil ki, həmin banklar mütləq bağlanacaq. Çünki ola bilər ki, bankın səhmdarları pul qoysunlar, əlavə vəsait tapıb yaranmış çətinliyi həll etsinlər. Əvvəllər belə banklar olub, hamı deyib bağlanacaq, amma sonradan problem həll edilib və bank fəaliyyətini davam etdirib”. 

Əkrəm Həsənov hazırda insanlar arasında xof yaranmasına heç bir əsasın olmadığını bildirib: 

"Bildiyim qədəri ilə vətəndaşların "Muğan Bank”da əmanətləri 99% sığortalıdır. Onu da Əmanətlərin Sığortalanması Fondu kompensasiya edəcək. Xof sahibkarlarda yaranıb. Onların pulları bir qayda olaraq bağlanan banklarda batır. Bu da Əmanətlərin Sığortalanması Fondunun qeyri-şəfaf, qanunsuz və bərbad fəaliyyətinin nəticəsidir. Çünki ləğvedici odur. Sahibkarlar da buna görə böyük banklara üz tuturlar”. 
 
"Arqument.az"ın "Bank Avrasiya"ya göndərdiyi sorğuya cavab verilməyib.