İlkin Rüstəmzadə: "Polis evimizi basıb"

İlkin Rüstəmzadə:

08-04-2020 19:47 / Bu xəbər 1340 dəfə oxundu

Ehsan Zahidov: "Evə hücum etmək ağ yalandır”

Aprelin 8-də ictimai fəal, NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə valideynlərinin yaşadığı evə polislərin hücum etdiyini deyib.

Bu barədə İlkin Rüstəmzadə Toplum TV-yə deyib. 

İlkin Rüstəmzadənin sözlərinə görə, saat 2 radələrində bir qrup polis əməkdaşları ailəsinin yaşadığı evi basıblar: "Ailəmdən soruşublar ki, İlkin hardadır. Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər qışqır-bağır salıblar ki, qanunsuzdur. Guya karantin qaydalarını pozmuşam”. 

İlkin Rüstəmzadə bunun doğru olmadığını, aprelin 2-də yeni evə köçdüyünü, ondan sonra karantin rejminə ciddi əməl etdiyini deyib. 

Onun sözlərinə görə, 5-6 nəfər polis əməliyyatçısı atasını 34 saylı polis bölməsinə aparıblar, lakin məsələni ictimailəşdirdikdən sonra buraxıblar.  

İctimai fəalın sözlərinə görə, daha sonra onun yaşadığı evin ətrafını polislər mühasiyərə alıblar. Bundan başqa onun həyat yoldaşına da təzyiq göstərilib: "Əminənin adına da eskort səhifələrində səhifə açıb nömrəsini paylaşırlar. Ailəcə terrora məruz qalmaqdayıq. Yəqin ki, bir azdan həbs edib cinayət işi açacaqlar”. 

Məsələ ilə bağlı Toplum TV Daxili İşlər Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin rəisi, polis  Ehsan Zahidovla əlaqə saxlayıb.

Ehsan Zahidov deyib ki, polislərin evə hücum etməsi halı ola bilməz: "Polis ancaq vətəndaş hər hansı məsələ ilə bağlı polis bölməsinə çağrıla bilər, amma evə hücum etmək ağ yalandır”.