İlkin Süleymanov: “İşgəncədən sonra anladım ki, çıxış yolu yoxdur”

İlkin Süleymanov: “İşgəncədən sonra anladım ki, çıxış yolu yoxdur”

12-05-2022 12:31 / Bu xəbər 1101 dəfə oxundu

O, ssenari qurub ifadə verdiyini deyir

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmə prosesi mayın 11-də saat 14.00-a təyin edilsə də, 2 saat gec başlayıb. 

Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Təqsirləndirilən şəxs ötən məhkəmə prosesində həbs olunarkən üzləşdiyi işgəncədən, ifadə verməyə məcbur edilməsindən danışıb. Bu prosesdə İlkin Süleymanov ifadəsini davam etdirib. 

O, həbsindən sonra evlərinə aparılmasından danışıb. Onun sözlərinə görə, Həsən Hənifəyev (həmin dövrdə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi - red.) ekspertiza edilən, üzərində qan ləkəsi olan daşı göstərib: "Görürsən, İlkin, bu da əlahəzrət fakt, nə deyə bilərsən?” - deyib.

"Şahlar Cəfərov dedi ki, bu vətənə qurban lazımdır”

İlkin Süleymanov deyib ki, onu şöbədə əlləri qandallı şəkildə otaqdan çıxarıb zirzəmiyə endiriblər: "Şöbə rəisi gəldi, dedi: "Bir hadisədir olub, şeytan içinə girib, etiraf elə, işin yüngülləşsin”. Sonra müstəntiq Nadir Mirzəyev gəldi, soruşdu ki, sözüm varmı? Dedim: "Məni buradan uzaqlaşdıra bilərsiniz? Heç nədən xəbərim yoxdur”. Daha sonra Tovuz Rayon Polis Şöbəsi rəisinin müavini Şahlar Cəfərov (hazırda Yevlaxda rəis müavinidir - red.), Tovuz rayon prokuroru Elçin Qəhrəmanov (bir müddət əvvəl işdən çıxarılıb) gəldi. Elçin Qəhrəmanova dedim ki, sizə vacib sözüm var. Ona dedim, mən nəyi etiraf edim axı? Dedi: "Sən lap ağ elədin e, buna görə məni çağırmısan?” Sonra məni rəis müavini Şahlar Cəfərovun qəbuluna apardılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, işgəncədən sonra anlayıb ki, çıxış yolu yoxdur: "Yanvarın 8-də Şahlar Cəfərov dedi ki, bu vətənə qurban lazımdır. Başqa yolun yoxdur, gəl ifadəni imzala. Mənə çoxlu işgəncələr verdilər. Başıma qazan keçirib dəyənəklə döydülər, bədənimə "tok” verdilər. Bilmirdim nə danışacağam, həm də anlayırdım ki, etiraf etmək hələ təqsirkar olmaq deyil, hələ araşdırılacaq. Bundan sonra ifadə verdim”.

Ssenari üzrə ifadə…

İlkin Süleymanov deyir ki, nə danışacağını bilmədiyindən necə ssenari qura biləcəyini düşünüb: "Yanvarın 6-da yanan meyiti görmüşdüm. Ayaqqabısından görünürdü ki, azyaşlıdır. Dindirmələrdə Şərifi (Nərmin Quliyevanın atası) soruşurdular məndən. Müstəntiq məndən yanvarın 10-dan etibarən ifadə almağa başlayıb. Mənə ən ağır işgəncələr də yanvarın 9-dan 10-a keçən gecə verilib. Nərminin əmisigilə gedən yol bizim evin qarşısından keçir. Ona görə ssenarini o şəkildə uydurmalıydım. Dedim, əmisigilə gedəndə onu aldadıb evə aparmışam”.

Hakim ondan "ssenariləşmiş ifadənin məzmununu kimsə sənə diktə etmişdi?”, – deyə soruşub. İlkin Süleymanov: "Yox, amma məni ifadə verməyə məcbur etmişdilər. Dedilər, yaşlı atan var, bura gətirib işgəncə verəcəyik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, uydurduğu ifadəsində qeyd edib ki, Nərmini nənəsigildən gələrkən görüb. 

Salamlaşıblar, təhsili ilə maraqlanıb və onu evinə çağırıb: "Düşündüm sonra nə ssenariləşdirim, ağlıma ona kitab vermək gəldi. Çünki mən həmişə uşaqlara kitab məsələsində kömək etmişəm. Müstəntiq soruşdu ki, əynində nə vardı? Narıncı gödəkcə olduğunu dedim. Hadisə yerində ayaqqabısı qalmışdı deyə onu da dedim. Sonra dedim ki, əynində qalın şalvar vardı. Mən onu məşğələ otağına apardım. Sonra yadıma düşdü ki, məşğələ otağına çox uşaq gəlir, ona görə də ifadəmi dəyişdim. Başa düşdüm ki, bu, inandırıcı olmayacaq. Ona görə də dedim ki, onu evimizin ikinci mərtəbəsinə çıxartdım, rəfdə kitab axtardıq”.

Müstəntiq ondan Nərminin getmək istəyib-istəmədiyini soruşub. İlkin Süleymanov isə deyib ki, buna imkan verməyib. Əvvəlcə onun ağzını, sonra əl-ayağını kəndirlə bağlayaraq hərəkətini məhdudlaşdırıb. Müstəntiqin suallarını cavablandıran İlkin Süleymanov deyib ki, bu müddətdə qız su, çay və şirniyyatla qidalanıb, təbii ehtiyaclarını otaqdakı qablara edib, yanvarın 6-da isə ölüb.

"Müstəntiq öldüyündən necə əmin olduğumu soruşdu. Mənə göstərilən qanlı daşı xatırladım. Dedim ki, onun başına daşla vurub öldürdüm. Sonra onu yolun kənarına aparıb yandırmaq istədim. Kartof "meşok”una atıb gətirdim. Evdə salyarka da var idi. Onu yandırandan sonra qayıtdım evə. Müstəntiq məqsədimi soruşdu. Ağlıma gələn bu oldu. Dedim ki, ona övladım kimi baxmaq istəyirdim”, – təqsirləndirilən şəxs ifadəsində deyib.

"Ya danış, ya da səni vurub özüm gedib içəridə yatacağam”

Müstəntiq ondan qızın qulağında sırğa olub-olmamasını soruşub, İlkin Süleymanov bilmədiyini deyib: "Bu zaman iki əli ilə yaxamdan yapışıb dedi: "Ya danış, ya da səni vurub özüm gedib içəridə yatacağam”. Sonra otağa Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov (hazırda təqaüddədir) daxil oldu. O, üzərimə atılmaq istəyəndə Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi) qoymadı ki, ehtiyac yoxdur. Müstəntiq mənə dövlət tərəfindən Araz Əhmədov adlı vəkil ayırdılarını dedi. Sonra bildirdi ki, hadisə yerinə gedib ifadəni təsdiqləməliyəm. Mən heç bunu düşünməmişdim. Şahlar Cəfərov dedi ki, 50 nəfər əlisilahlını ora düzərəm, kimsə də yaxın gələ bilməz. Başa düşdüm ki, nə desələr, onu da etməliyəm”.

"Vəkil dedi, bu, nə Allahsız adam imiş”

"Evin qarşısına çatanda çoxlu xarici maşın gördüm. "999”la nömrəsi olan "Range rover”, "220” nömrəli Lexsus” markalı, qara rəngdə maşınlar var idi. Yadıma düşdü ki, Nərmin itəndən sonra bu maşınları kəndimizdə görmüşəm. Məni kameraya çəkməyə başladılar. Çəkilişlə ikinci mərtəbəyə getdik. Gördüm ki, hər şey alt-üst olub, çarpayının da yeri dəyişib. İfadədə xatırladıqlarımı deyirdim. Müstəntiq tez-tez səhvlərimi düzəldirdi. İfadəmi bitirib maşına oturandan sonra vəkil dedi: "Bu, nə Allahsız adam imiş”. Daha sonra məni məhkəməyə apardılar. Şirzad da məhkəmə zalında idi. Müstəntiq özümün etiraf etdiyimi dedi. Məhkəmə soruşdu ki, özünü təqsirli bilirsənmi. Dedim, bilirəm. Ondan sonra vəkilimi daha görmədim. Məni kameraya apardılar. Orada tək idim. O zaman anladım ki, artıq həbs olunmuşam”.

"Kamal Qılıcov dedi ki, ədalət deyilən bir şey yoxdur”

"Xeyli təşviş içində idim. Əməliyyatçı gəldi və dedi ki, gödəkcə ilə sırğanın yerini deməliyəm. Müxtəlif bəhanələr uydurdum, dedim, evimə baxın, bəlkə, orada haradansa çıxar. Sonra yatdım. Gecəyarısı nəzarətçi gəldi və oyadıb gödəkcə ilə sırğanın yerini soruşdu. Cavabım yox idi. Nə deyirdimsə, deyirdi: "Düzünü de”. Təcridxananın rəisi də gəlib soruşdu, bilmədiyimi dedim”, – İlkin Süleymanov məhkəmədəki ifadəsində deyib. 

Onun sözlərinə görə, sonra Şahlar Cəfərov gəlib. Ona: "Fürsət düşən kimi boynundan atmaq istəyirsən?”, – deyib. Ona vaxtilə araşdırdığı bir cinayət işindən danışıb və "Biz heç vaxt günahsız adamı tutmuruq”, – söyləyib:

"Sonra məni rəisin kabinetinə apardılar. Dedilər, sırğayla gödəkcəni tapa bilmirik. Sonra Həsən Hənifəyev başıma kitabla vurdu və dedi: "Ağlını itirmisən?” Kamal Qılıcov da dedi, biz hamıya demişik ki, burada namus məsələsi olmayıb. Yenə heç nədən xəbərim olmadığını, ədalətin yerini tapacağını dedim. Kamal Qılıcov dedi ki, ədalət deyilən bir şey yoxdur, olsaydı, qız ölməzdi. Sonra məndən qan nümunələri götürdülər, axşam Bakı İstintaq Təxridxanasına gətirdilər. Şahlar Cəfərov dedi ki, sən vicdansız adamsan, buradakıları incitmə. Rəis də məni kameraya göndərdi”.

"Yanvarın 23-də Həsən Hənifəyev təxridxanaya gəldi və bildirdi ki, bu iş detalları ilə üzə çıxacaq. Soruşdum ki, mən ifadəmdən imtina edə bilərəmmi. Dedi, bilərsən, ancaq bunun heç bir əhəmiyyəti yoxdur”, – İlkin Süleymanov bildirib.

Təqsirləndirilən şəxs onu da vurğulayıb ki, 2020-ci ilin iyulunda istintaq qrupunun rəhbəri dəyişib, Mehman Hümbətov rəhbər təyin edilib: "O, mənə dedi ki, istəməzdim belə olsun, amma başqa yol yoxdur. Mən sənə ən ağır cəzanı istəyəcəyəm. Sən ifadə vermisən, etiraf etmisən. Sonra inadkarlıq etməsəydin, iş bu yerə gəlməzdi. Mən sənin əmin oğlunu da, qardaşını da tutduracağam. Bu maddə ilə yox, nəsə başqa bir şey tapacağam”.

Məhkəmə prosesi mayın 18-dək təxirə salınıb.

Xatırlatma

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.