İlqar Məmmədov: "Bütün digər mal və xidmətlərin qiyməti 0.8 faiz artacaq"

İlqar Məmmədov:

05-01-2021 12:01 / Bu xəbər 624 dəfə oxundu

"Ölkədə orta və uzun müddətli perspektivdə pul yoxdur"

"Dünən benzin 11 faiz, dizel isə 33 faiz qiymətdə artdı. Bunun nəticəsində bütün digər mal və xidmətlərin qiyməti 0.8 faiz artacaq, il ərzində".

Bunu ReAl Partiyasının sdəri İlqar Məmmədov deyib.

O bildirib: "Aşağıda təqdim edəcəyim hesablama çox təqribidir: iqtisadiyyatda tələbatın struktur və dinamikasının əsasən sabit qalacağını, bütün benzinin Aİ-92 olduğunu, 2020-ci ilin yekun göstəricilərinin 2019-dakı rəqəmlərdən az fərqləndiyini və s. ümumiləşdirmələri əsas götürür. Amma nəticəni yuxarı-aşağı görməyi mümkün edir. Beləliklə, 2019-cu ilin istehlak səviyyəsini əsas tutsaq, bundan sonra alıcılar benzinə 194 milyon, dizelə isə 195 milyon manat əlavə pul xərcləməli olacaqlar. Toplam 389 milyon manat. Çünki əvvəl benzinə 1.7 milyard, dizelə isə 0.6 milyard manat xərcləmişdilər".

Məmmədovun sözlərinə görə, 2019-cu ildə ölkədə ərzaq, qeyri-ərzaq mallarının və xidmətlərin satışı toplam 49 milyard manat təşkil edib: "Benzin və dizel qiymətinin dünən artması nəticəsində cari ildə ediləcək həmin o 389 milyon manat əlavə xərc 49 milyardın göründüyü kimi 0.8 faizidir. Avtomobil sahibləri bu əlavə xərci tədricən özlərinin satdığı mal və xidmətlərin qiymətinə ötürəcəklər və qiymətlər il ərzində 0.8 faizə qədər artacaq. Nəzərə almaq lazımdır ki, bəzi mal və xidmətlər digərlərindən daha az-çox və daha gec-tez bahalaşacaq".

"Ümumi mənzərə aydındır: təkcə benzin-dizel səbəbilə il ərzində qiymətlər yuxarı-aşağı 0.8 faiz artacaq, amma bu, mallara və xidmətlərə tələbatın böyüməsindən doğan artım yox, yanacaq "vergi”si səbəbindən baş verəcək qiymət artımıdır. İqtisadi çətinliklər bununla bitmir. Dəfələrlə dediyim kimi, ölkədə orta və uzun müddətli perspektivdə "pul yoxdur”. Pulu ancaq qanun aliliyinə, iqtisadi sərbəstliyə əsaslanan iqtisadi mühit və siyasət gətirə bilər. Bu isə həqiqi mənada islahat demək olacaq, baş tutsa", - o bildirib.