İlqar Məmmədova bəraət verildi

İlqar Məmmədova bəraət verildi

23-04-2020 12:16 / Bu xəbər 1356 dəfə oxundu

Aprelin 23-də Ali Məhkəmənin Plenumunun iclasında ReAL Partiyasının sədri İlqar Məmmədovun işinə baxılıb. 

Plenumun qərarıyla İ.Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Həmçinin İ.Məmmədova mənəvi ziyana görə kompensasiya təyin edilib.

Qərarı AzadlıqRadiosuna şərh edən İ.Məmmədov bunu Azərbaycan məhkəmə-hüquq tarixində yeni mərhələ adlandırıb: "Mənim üzərimdən nəinki məhkumluq götürüldü, mən artıq təqsirsizəm. Bundan o tərəfi yoxdur, tam haqlı, tam hüquqlu vətəndaşam. Mənəvi kompensasiya da önəmlidir. Amma ən önəmli odur ki, Ali Məhkəmənin Plenumu mənim təqsirsizliyimi təsdiqlədi".

İ.Məmmədov kompensasiyanın məbləğini açıqlamayıb. Nəticələri ləğv olunan dairələr üzrə keçiriləcək parlament seçkilərində iştiraka gəlincə, ReAL sədri bildirib ki, bu məsələ ilə bağlı hələ konkret qərarı yoxdur: "Onu hələ dəyərləndirəcəyik".

***

ReAL-ın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında da eyni qərar çıxarılıb. Onun barəsindəki cinayət işinə də bəraətverici əsaslarla xitam verilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, qanunsuz həbsdə saxlandığı müddətə görə R.Cəfərova 57 min 400, İ.Məmmədova isə 234 min manat kompensasiya təyin edilib.

Xatırlatma

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələrinin təşkilində suçlanaraq həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası kəsilib. 2018-ci ilin avqustunda o, şərti cəza ilə azadlığa buraxılıb. 

2019-cu ilin martında Ali Məhkəmə onun cəzasını həbsdə saxlandığı müddətə - 5 il 6 ay 9 günə endirib. Həmin müddətdə İ.Məmmədov həbsdə olduğuna görə cəza çəkilmiş hesab olunub. Ona şərti cəza ilə təyin olunmuş 2 il sınaq müddəti və bundan irəli gələn öhdəliklər (hər 10 gündən bir Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsində qeydiyyatdan keçmək, şəhəri tərk edərkən məlumat vermək və s.) ləğv olunub.

R.Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərə qarşı açılmış cinayət işi çərçivəsində həbs olunub. Hüquq müdafiəçisi 2016-cı ilin martında prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Beynəlxalq insan haqları təşkilatları onların siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Azərbaycan rəsmiləri isə bu haqda deyilənləri təkzib edir. Ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını iddia edirlər.