İlqar Məmmədovdan seçki ismarışı

İlqar Məmmədovdan seçki ismarışı

12-02-2018 18:11 / Bu xəbər 2585 dəfə oxundu

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun növbədənkənar prezident seçkisinin təyin edilməsi ilə bağlı münasibəti açıqlanıb.

Bu haqda REAL Hərəkatının rəsmiləri məlumat yayıblar.

Açıqlamaya görə, REAL-ın lideri hesab edir ki, prezident seçkisinin önə çəkilməsi Avropa Şurası-Azərbaycan münasibətlərinin məzmunu ilə əlaqəlidir.

«Prezident seçkilərinin tezləşdirilməsi Azərbaycana qarşı Avropa Məhkəməsində Avropa Konvensiyasının 46.4 maddəsi ilə qaldırılan işə birbaşa cavabdır», - İ.Məmmədovun mesajında vurğulanır.

REAL lideri vurğulayıb ki, seçkilərin daha tez keçirilməsinin arxasında Azərbaycanın Avropa Şurasından kənarlaşması niyyəti dayanır.

«İlham Əliyevin məqsədi seçkiləri tezliklə saxtalaşdırıb, ardı ilə Azərbaycanın Avropa Şurasından çıxartdırılmasıdır», - Binədəki 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL sədri yazıb.

Fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da da MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib. Halbuki, Azərbaycanda prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiq edib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Nəhayət, ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Xüsusi prosedur Avropa Konvensiyasının 46.4-cü maddəsinə əsasən başlanıb.

Bunun ardınca Avropa İnsan Hüquqları Məhkəməsindən (AİHM) Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Hərəkatının lideri İ.Məmmədova məktub göndərilib. Tərəflər martın 1-nə kimi məhkəməyə yekun rəylərini verəcəklər.///azadliq.org