İmişli məhkəməsi işdən çıxarılan müəllimin iddiasını təmin etmədi
26-01-2025 22:56 / Bu xəbər 110 dəfə oxundu
İmişli rayonu Aranlı kəndindəki 1 saylı tam orta məktəbin ötən ilin sentyabrında işdən çıxarılan müəllimi Leyla Nəcəfquliyeva məhkəməyə müraciət etmişdi.
O, işdən çıxarılma barədə əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əməkhaqqı və mənəvi zərərə görə kompensasiya ödənilməsi tələb edirdi.
Uzun araşdırmadan sonra İmişli rayon Məhkəməsi yanvarın 24-də çıxardığı qərarla müəllimin iddiasını təmin etməyib.
Bu barədə "Azadlıq" radiosuna L.Nəcəfquliyeva özü məlumat verib.
O hesab edir ki, məktəb direktorunun əmri kimi məhkəmə qərarı da qanunsuzdur: "2024-cü ildə Milli Məclisə keçirilən seçkilərdə mən 82 saylı İmişli-Saatlı seçki dairəsi üzrə deputatlığa namizəd olmuşam. Seçkilərin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən sentyabrın 21-də təsdiq edilib. Amma məktəb direktoru məni sentyabrın 17-də işdən çıxarıb. Həmin vaxt mənim toxunulmazlıq hüququm olub. Bu hüquqa görə mən işdən çıxarıla, razılığım olmadan başqa işə keçirilə bilməzdim. Məhkəmə əmək müqaviləmə xitam verilməsi üçün əsas göstərilən halları müzakirə etdi, toxunulmazlıq hüququm arxa planda qaldı".
L.Nəcəfquliyeva məhkəmə qətnaməsini hələ almadığını, alan kimi ondan apellyasiya şikayəti verəcəyini söyləyir.
O, bundan əvvəl də "Azadlıq" radiosuna açıqlamasında işdən kənarlaşdırılmağını yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə sentyabrın 16-da açıq havada dərs keçməyi ilə əlaqələndirmişdi.
O həmçinin son parlament seçkilərində deputatlığa namizəd kimi etdiyi çıxışlara, sosial mediada paylaşımlara, bəzi vəzifəli şəxslər barədə tənqidi çıxışlarına görə hədələndiyini də vurğulayırdı.
Daha əvvəl də L.Nəcəfquliyeva çalışdığı məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.