İmişlidəki hadisəyə görə 17 yaşlı oğlan həbs edilib

İmişlidəki hadisəyə görə 17 yaşlı oğlan həbs edilib

21-01-2025 18:25 / Bu xəbər 142 dəfə oxundu

Prokurorluq onun təqdirləndirilən şəxs kimi prosesə cəlb edildiyini deyir

İmişli rayonunda 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.

Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, yanvarın 18-də, İmişli şəhəri ərazisində "Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və BMW markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaq aparılır.

"İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan "Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib”, – deyə Baş Prokurorluq qeyd edib.

Qurum bildirib ki, Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İmişlidə nə baş verib?

Yanvarın 18-də Yol Patrul Xidməti (YPX) İmişlidə ağır-yol nəqliyyat hadisəsi törədib.

Polisin yüksək sürətlə idarə etdiyi xidməti avtomobil məktəbdən gələn 4 şagirdi vurub, onlardan ikisi hadisə yerində keçinib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. YPX avtomobilinin sürücüsü də xəsarət alıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, YPX avtomobilinin iştirakı ilə ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

YPX avtomobilinin yüksək sürətlə hərəkət etməsi və həlak olanların azyaşlılar olması yerli əhalidə qəzəb doğurub.

Qəzəblənmiş kütlə, xüsusilə gənclər YPX avtomobilini arxası üstə aşırıblar, yüzlərlə adam "istefa” şüarı səsləndirərək İmişli  Rayon Polis İdarəsinin önünə doğru yürüş ediblər.

Ardınca Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, etiraz edənlər xuliqanlıq ittihamı ilə həbs olunublar.

DİN-in yaydığı fotoda saxlanılanların 9 nəfər olduğu məlum olub. Lakin "Azadlıq” radiosunun mənbəsi bildirib ki, saxlanılanlar 100 nəfər və daha çoxdur.

"Onların bəziləri şəhərin mərkəzi hissəsindən tutulub. Gecə evindən polis idarəsinə gətirilən, sonradan sərbəst buraxılanlar da olub. İndi dəqiq neçə nəfərin saxlandığını demək çətindir”, – İmişli rayonundakı mənbə bildirib.

Əsasən polis avtomobilinə hücum edən, onu çevirən və polislərlə mübahisə edənlərin saxlanıldığı bildirilir.

Baş verən hadisələrdən sonra İmişli şəhərində gücləndirilmiş rejim hökm sürdüyü bildirilir.

İnzibati binaların, parkların, meydanların ətrafında polisin qarovul çəkdiyi deyilir.

Sosial mediada yayılan məlumata əsasən, şəhərə Daxili Qoşunların yeridildiyi və yolların bağlandığı bildirilir.

 Yerli əhalidən verilən məlumata əsasən İmişlidə internet kəsilib.

Ölkədə İmişlidəki hadisə ilə bağlı yazanlara təzyiqlərin edildiyi bildirilir.

Məlumata görə, bir çox fəallar polisə aparılaraq sosial şəbəkələrdə yazdıqları silinir, müxtəlif hədələrlə üzləşirlər.

Müsavat Partiyasının fəalı Əlikram Xurşidov isə yanvarın 19-na keçən gecə saat 2 radələrində Şirvan şəhərində yaşadığı evdə saxlanılıb.

Yanvarın 19-da günorta Şirvan Şəhər Məhkəməsinin qərarı ilə ona xırda xuliqanlıq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.