İmperiyanın “arxa bağçası”nda tarixin geri qayıdışı

İmperiyanın “arxa bağçası”nda tarixin geri qayıdışı

09-03-2022 15:08 / Bu xəbər 838 dəfə oxundu

Qiyas İbrahimov

İmperiya ümumiyyətlə Ukrayna olmadan mövcud ola bilməz və həqiqi mənada imperial bir hegemon sayılmaz

2022-ci ilin fevralında "tarixin geri qayıdışı” tam təsdiq olundu. XXI əsrin 3-cü onilliyinin başlanğıcında tam aydın oldu ki, tarix heç də "soyuq müharibə”nin və SSRİ-nin tarixə qovuşmasıyla bitməyibmiş.

Əslində Fukuyamanın məşhur "Tarixin sonu və sonuncu insan” kitabındakı fikirlər, bəlkə də, ən geci 10 il əvvəl alt-üst olmuşdu. Amma bunu məhz indi – Şərqi Avropadakı Ukraynanın birbaşa imperial işğalla üzləşdiyi bir şəraitdə daha aydın görə bilərik.

Yəqin, Fukuyama özü də kitabını artıq tarixi ikonik üz qabıqları ilə məşhur "Time” jurnalının sonuncu nömrəsinin (üz qabığında rus tankının təsviriylə birgə "tarixin qayıdışı” yazılan) arasında saxlayacaq.

Avropanın şərqində işğala məruz qalan bir ölkə müharibə fəlakəti ilə üz-üzədir. Biz isə onu işğal etməyə çalışan, öz dili ilə desək, "denazifikasiya əməliyyatı keçirən” yeni bir "fürrer”in simasında "tarixin geri qayıdışı”na şahid olmaqdayıq.

Bu arada Ukraynaya hərbi müdaxiləsindən az öncə Azərbaycan Rusiyanı özünün müttəfiqi elan etdi. Bu, əslində, vassallığın rəsmiləşdirilməsi idi. Açığı, bəlkə də, vassallığın bu şəkildə rəsmiləşdirilib-rəsmiləşdirilməməsinin də elə böyük bir fərqi yoxdur.

Amma bu, çox güman, Ukraynaya müdaxiləsinin gedişatında Rusiyanın öz periferiyalarından birində yarana biləcək hansısa boşluğu və təhlükəsizliyi rəsmi qarantiyaya alması idi. Çünki Azərbaycan Rusiyanın digər periferiyalarını vassallığa aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmadığından onun kompensasiyası "eksklüziv” müttəfiqlik sazişi oldu.

Onsuz da faktiki Rusiya vassallığı 2020-ci il Qarabağ müharibəsindən sonra qanunauyğun şəkildə həm Ermənistan, həm də Azərbaycan üçün pik nöqtəyə çatmışdı. Bütün bunların hamısı tarixi və regional geosiyasi qanunauyğunluqlar çərçivəsində baş verdi.

20-ci əsrin əvvəlindəki inqilab zamanı Nəriman Nərimanovun məşhur "Azərbaycanın xoşbəxtliyi Rusiya ilə sıx bağlıdır” sözləri də təsadüfən gündəmə gəlmədi. Dövrümüzdə rusiyameylli bəzi marginal qruplar bunu sol ideoloji şüarçılığın bir hissəsi hesab etdilər. Bu ifadə SSRİ-dən sonra məqsədli olaraq sol düşüncənin assosasiyası kimi xarakterizə edilirdi. Ona görə də solun əlehidarı olan milliyyətçi güruh hər zaman bu fikirləri tarixi satqınlığın lozunqu kimi təqdim edirdi.

Biz isə bu sözlərə hələ də öz köhnəlməyən tarixi-siyasi bağından kənar, şüarçılıqla çərçivələnmiş halda baxmamalıyıq. Bu ifadə gerçəkdə nə şüarçı rusiyameylli psevdosolçuluğun mədhiyyəsi kimi görünməli, nə də hər şeyi ilə boş milliyyətçi qaragüruhçuluğun əsassız satqınlıq damğasının lozunqu kimi qəbul edilməlidir. Çünki Azərbaycanın, eləcə də Cənubi Qafqazın sosial-siyasi xoşbəxtliyi, həqiqətən də, Rusiya ilə sıx bağlıdır. Səbəbi isə çox sadədir: region bu imperial gücün "arxa bağçasıdır”.

Ən kədərlisi isə odur ki, bu bəsit imperial gerçəkliyi geniş kütlələrə tam və milliyyətçi qərəz olmadan çatdırmaq mümkün olmayıb. Bununsa ən böyük səbəbi hər bir imperial gücün, birbaşa öz imperial hegemoniyasını maskalamaqdan ötrü hər zaman təzyiq etdiyi periferiyalarına – öz "arxa bağçalarına” alternativ düşmənlər təqdim etməsi olub. Bu, adətən, etnik milli konfliktlərin alovlandırılması şəklində baş tutub.

Bizə, bir imperiyanın siyasi-coğrafi periferiyası olaraq təqdim edilən "alternativ düşmənçilik” isə ermənilərlə tarixi milli konflikt oldu. Eynilə ermənilərə bizimlə düşmənçilik bu şəkildə təbliğ olundu. Bu isə sadəcə, funksional olaraq imperial hegemoniyanın dirçəlməsinə, güclənməsinə və ayaqda qalmasına yardım edən sütunlardan biri idi.

Hazırda "tarixin geri qayıdışı” fonunda imperiya sonuncu sərt və riskli gedişini etməkdədir. Öz "arxa bağçalarından” biri, daha doğrusu, onun üçün bundan da artıq olan Ukrayna üzərinə açıq və qanlı hücumdadır. Çünki imperiya ümumiyyətlə Ukrayna olmadan mövcud ola bilməz və həqiqi mənada imperial bir hegemon sayılmaz.

Rusiya üçün Azərbaycan, Gürcüstan və Ermənistan bəlkə də, ondan qopduqları halda belə böyük itki sayılmaz. Onlar hətta tam qopduqları və daha yaxşı inkişaf etdikləri halda belə, rus xalqı üçün model sayıla bilməzlər. Amma Ukrayna tamam başqadır. Onun qopması, yaxşı inkişaf etməsi imperiyanın və çarlıq arzusunun yox olması deməkdir.

Elə buna görə Rusiya digər periferiyalarını nəzarətdə saxlamaq üçün yaratdığı regional konfliktləri Ukraynada yaratmaqla kifayətlənə bilməzdi. Ona görə də bütün optimist gözləntiləri darmadağın edərək "xüsusi əməliyyat”a, əslində isə "blitzkrieg”, yəni faktiki ildırımsürətli müharibəyə başladı.

Bundan sonrakı optimist gözləntilər isə bunun növbəti dünya və nüvə müharibəsinə çevrilməməsindən ibarətdir.

Ola bilsin, bura qədər yazdıqlarım bir qədər uzun alındı, amma əslində, demək istədiyim əsas şeylər bu hissədən sonrada yer alıb.

İmperial hegemoniya diktəsinin ən pik həddə çatdığı və imperiyanın "var olmaq və ya olmamaq” sualıyla qarşı-qarşıya durduğu bir vaxtda digər "arxa bağçalarda” da istər-istəməz hərəkətlənmələr yaranmaqdadır, çünki bundan sonra baş verənlər "ildırımsürətli müharibənin” özündən az sürətli olmaya bilər.

Ukrayna işğal edildiyi bir vaxtda Avropa Birliyinə (AB) üzvlük üçün xüsusi müraciət etdi, çox çəkmədi ki, Gürcüstan və Moldova da Avropa Birliyinə müraciət ünvanladı. Hər ikisi Rusiyaya qarşı birbaşa sanksiyalara qoşulmayacaqlarını desələr də, AB üzvlüyünə müraciət indiki halda maksimum cəsarət edəcəkləri şey idi.

Bundan sonra biz Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışığına hazır olduğunu görürük. Paşinyan Ermənistan parlamentindəki çıxışında da bunu açıq ifadə etdi. Hətta ona müxalif olan daşnak töküntüləriylə çox sərt danışdı, həmçinin Qubadlının adının yer aldığı mübahisədə onları "talançılar” adlandıraraq aşağıladı.

44 günlük müharibədə tutduqları əraziləri itirmək daşnaklar və onların ətrafındakı milliyyətçi qüvvələri daha çox zəiflətdi, nəinki hökumət başçısı Paşinyanı. Ukraynaya hərbi müdaxiləni və işğalla üz-üzə qaldığını çıxsaq, indiki halda Rusiya periferiyaları arasında ən çıxılmaz siyasi hal (Belarus və Mərkəzi Asiyanı da saymasaq) Ermənistan və Azərbaycanla bağlıdır.

Dediyimiz kimi, Gürcüstan və Moldovanın indiki halda maksimum edəcəyi şey məhz Avropa Birliyi müraciəti idi ki, bunu etdilər. İndi biz Paşinyanın belə intensiv sülh istəmə mövqeyini bu cür başa düşürük; o anlayır ki, edəcəyi maksimum şey Gürcüstan və Moldova kimi indiki halda AB müraciəti ola bilməz, çünki bu digər iki ölkə üçün imperiyadan qopmaqdan ötrü indiki şəraitdə edə biləcəkləri maksimum hərəkət olsa da, Ermənistan üçün hələ də riskli sayılır.

Ona görə də Paşinyan hələlik maksimumunu dilə gətirir: Azərbaycanla sülh. Yalnız bu halda Rusiya əsarətindən çıxmaq üçün digər cəhdləri etmək olar. Məhz Rusiyanın bütün gücüylə Ukrayna işğalına fokuslandığı bir fonda. Açığı, təəssüf hissi ilə (bəli, təəssüf ki!) düşünürəm ki, Paşinyanın bəxti gətirməyəcək.

Birincisi ona görə ki Azərbaycanda da insanların az-çox siyasi aktiv hissəsi Gürcüstanda olduğu kimi anti-Rusiya mövqeyində olsalar da, Ermənistana qarşı nifrəti də ondan geri qalmır. Xüsusilə də üzdə olan müxalifət və siyasi-ictimai müxalif fikir müharibə sonrası aşırı zəiflədilmiş olsa da, anti-Rusiya olmaqla birgə həm də az qala hakimiyyətdən də artıq anti-Ermənistan mövqedədir. Onlar Ermənistanla hələ həll olunmamış konfliktdə maksimal tələblər dilə gətirməyə meyllidir. Bu da Paşinyanın ümidlərini puça çıxaracaq ən pis haldır.

Digər yandan, Azərbaycandakı siyasi iqtidardan ötrü əsas məsələ taxt-tacı və monarxik hegemoniyanı qorumaqdır. Ona görə də hələ "havadan asılı qalmaq” oyunu oynamaqdadır. Yəni Rusiya əlehinə keçirilən beynəlxalq səsvermələrdə ümumiyyətlə iştirak etmir, müxaliflərin Ukraynaya dəstəyinə qismən də olsa, imkan verməklə hər iki tərəfin könlünü xoş tutmağa çalışır. Bir sözlə, "tarixin geri qayıdışı” şəraitində hələ də "balanslı siyasət” eşqindədir.

Paşinyanın isə əl-qolu sadəcə ona görə bağlıdır ki, öz səltənətini qorumaq üçün hər cür "əmrə müntəzir” Azərbaycan hakimiyyəti yenidən məhz Kremlin diqtəsilə onun üzərinə salına bilər. Yəni belə bir ehtimal hər zaman mümkündür.

Qısa desəm, Paşinyanın Rusiya vassallığı Azərbaycanınkından daha artıq məcburiyyətdəndir. Azərbaycanla sülh söhbətini indiki halda intensivləşdirməsi də bu boyunduruqdan xilasına işarədir. Lakin Azərbaycan iqtidarının vassallığı Paşinyandan fərqli olaraq daha çox taxt-tacı qorumağa hesablanıb. Buna maksimum təminat ancaq imperia tərəfindən verilirsə, bu asılılıqdan imtina etməyi düşünə bilər.

Demək, Rusiyanın imperial hegemoniyanı bərqərar etmək üçün maksimum hərəkətə keçdiyi bir vaxtda və bir neçə periferiyanın zəif cəhdlərlə də olsa, ondan uzaqlaşmağa çalışdığını aydın görürük. Ona görə də belə bir vaxtda Paşinyanın Azərbaycanla sülh istəyi mesajı da təsadüfi deyil.

Deməli, o, prosesi intensivləşdirməklə imperiyadan daha tez qopmaq arzusunu nümayiş etdirir. Amma hələ ki Azərbaycandan bu mesaja diqqətəlayiq bir qarşılıq görmürük və tezliklə baş verəcəyini gözləmirik.

Fikirləşirik ki, Azərbaycan hakimiyyəti imperiyanın taleyi tam məlum olmadan öz səltənətini riskə atmaqdan qorxur. Ermənistanla tezliklə baş verəcək sülh razılığı həm də onunla birgə imperiyadan qopmağın tezləşməsi demək olar. İndiki haldasa Azərbaycan iqtidarının təminatçısı birbaşa olaraq hələ ki ancaq imperiyadır. İqtidar öz səltənətinə yeni təminatçı tapmadan vassalı olduğu mövcud qarantçısıyla risk etmək istəmir.

Müxalif sayılan siyasi-ictimai fikir daxilindəki mövqe, yəni Ermənistanı Rusiyadan fərqləndirməyərək konfliktlə bağlı sülh yolunu tıxayan maksimalist tələblər diskursu da siyasi iqtidara maneə yaranmamasına səbəb olur. Hesab edirəm ki, yaşamaqda olduğumuz tarixi gedişat fonunda ortaya belə bir mövqe qoyulmalıdır:

  • Siyasi-ictimai aktiv və müxalif fikir maksimal olmayan şərtlər daxilində Ermənistanla tezliklə sülh bağlanmasını tələb etməlidir. Necə ki Rusiyanın Ukrayna üzərində imperial basqısını görüb siyasi hakimiyyətin rəsmi mövqeyindən fərqli və daha kardinal şəkildə etiraz edə bilirsə, başa düşməlidir ki, eyni basqı Ermənistanın da üzərindədir.
  • "Maksimal olmayan şərtlər”in bu tarixi gedişatda elə Ermənistan tərəfindən də maksimal tələblər şəklində olmayacağını düşünürük. Bu halda Paşinyanın tezliklə sülh razılaşması çağrışı etməsi və imperiyadan qopmaq istəyi də çox inandırıcı görünür. 

Hakimiyyətin məsləhətçisi rolunu oynamağı hər zaman absurd saydığımız üçün "Azərbaycan iqtidarı bunu eləməlidir” yazmırıq. Ona görə də pis-yaxşı, aktiv müxalif sayılan fikir daşıyıcılarının formalaşdırmalı olduqları qabaqlayıcı fikirdən və ictimai rəydən danışırıq. Çünki "iqtidar bunu etsin” demək, sadəcə, gülməlidir, iqtidar bizim arzu-istək və maraqlarımız yox, öz səltənət maraqları ilə hesablaşır.

Yaranmış qlobal siyasi çaxnaşma və "tarixin geri qayıdışı” şəraitində hakimiyyət yalnız və yalnız onun iqtidarını maksimum təmin edəcək köhnə, yaxud yeni şəraitə görə davranmaq istəyir. Belə bir zamanda sağlam mövqe formalaşdırmayacağımız halda, itirən yenə də məhz mövcud hakimiyyətə qarşı olduğunu iddia edənlər olacaq. Bu, əvvəlki illərdə də belə idi.

Azərbaycanda müxalif siyasi-ictimai fikir kritik məsələlərdə demək olar ki, hər zaman monarxik siyasi iqtidarın ən azı bir addım geridə olub, çünki irəli addım atmaqdan hər zaman faktiki qorxub. Təəssüf ki, qorxaq və riski sevməyən müxalif ictimai fikir daşıyıcıları üçün "Ermənistanla maksimal olmayan şərtlərlə tezliklə sülh” tələbi bir qədər ağır məsələdir. Heç bizim də onlardan ciddi bir gözləntimiz yoxdur ki, alternativ diskurs formalaşdırmağı cəsarət etsinlər, amma başqa yol da yoxdur.

Çünki onların əksəriyyəti 44 günlük müharibədən sonra belə, konfliktin tam həllini daha bir silahlı müdaxilədən kənar görə bilmirlər. Qısası, mənasız demaqogiyadan əl çəkmirlər. Hətta onların bu yarıtmaz diskursunun ancaq monarxiyanı ayaqda saxladığını da başa düşmürlər.

Azərbaycanın sosial-siyasi xoşbəxliyi Rusiya ilə bağlıdır, amma bundan da əvvəl Ermənistanın sosial-siyasi xoşbəxliyi ilə bağlıdır. Əgər bu bağı həqiqi mənada yaratmaq istəyənlər mövcud olsaydı, o zaman imperiya ilə zənciri qoparıb atmaq da mümkün olardı.

Zəncirlənmişlər, zənciri qırmaq üçün bağ qurmalıdırlar. Çünki imperiyanın itiriləsi bir hegemoniyası, monarxiyanın itirəcək bir səltənəti, onların qarşısında olanların isə zəncirdən başqa itiriləsi heç nəyi yoxdur.

Mənbə: Meydan TV