İndi daha nə işıq, nə it hürən tərəf var - Şeir

İndi daha nə işıq, nə it hürən tərəf var - Şeir

27-10-2021 18:33 / Bu xəbər 721 dəfə oxundu

Şəmşad Ağa

***

bu şəhər lənətlənib yaltaqların üzündən,
ümid də yoxdu daha nə gədaya, nə şaha...
nə bir dərviş tapılır xəbər tutasan haqdan,
nə də ki üz qalıbdı çevirəsən allaha...

burda allahın özü heykəlləşib, daşlaşıb,
bütpərəstlər önündə sınıb sözün qüruru.
öləziyib şüası gündoğanda günəşin,
günbatanda gizlənir, utandırır qürubu...

savaş himni oxumur bu sərsəri küləklər, 
azadlıq havasında arzular güllələnir...
ümid yetim uşaqtək səfil gəzir küçədə,
hər gecə boynubükük bir qapıda dilənir...

indi daha nə işıq, nə it hürən tərəf var, 
yalançılar doğrudan don biçirlər günaha.
bütün yalnızlar üçün bircə budur təsəlli:
salam olsun gecədən açılan hər sabaha...