"İnformasiya ombudsmanı institutuna ehtiyac var" - AMEA üzvü
19-12-2018 14:39 / Bu xəbər 969 dəfə oxundu
"Azərbaycanda informasiya ombudsmanı institutu formalaşdırılmasına ehtiyac var".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.
İnstitutun məlumatına görə, o, "İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda dekabrın 17-də keçirilən konfransda çıxış edib.
Rasim Əliquliyev bəzi ölkələrdə İnformasiya Ombudsmanı institutunun fəaliyyət göstərdiyini, həmin qurumun informasiya cəmiyyəti ideyasını həyata keçirdiyini ifadə edib.
"Dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə də belə bir institutunun yaradılması, bu istiqamətdə ciddi tədbirlərin görülməsi məqsədəuyğundur”, direktor deyib. O, son zamanlar şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların qorunması sahəsində boşluqların olduğunu, sosial şəbəkələrdə təhdidlərin vüsət aldığını da qeyd edib.
Dronlardan istifadə qanunla tənzimlənsin
Rasim Əliquliyev həmçinin, Azərbaycanda pilotsuz uçuş aparatlarından istifadənin qanuni tənzimlənməsinin də zəruri olduğunu ifadə edib.
"Azərbaycanda pilotsuz uçuş aparatları – dronlardan istifadə sahəsində problemlər var. Bu sahədə qanunvericilik bazasının mövcud olmaması dronların ölkəyə gətirilməsi və bu aparatlardan istifadə ilə bağlı problemlərə səbəb olur. Dronları sertifikatlaşdıran hüquqi sənədin hazırlanması vacib məsələlərdəndir”, deyən direktor qeyd edib ki, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla qanunlar qəbul edilməlidir.
Azadlıq Radiosu












