İnsan hüquqları və texnologiya

İnsan hüquqları və texnologiya

05-03-2022 01:15 / Bu xəbər 1171 dəfə oxundu

Nigar Rəhimli

İnsan hüquqlarının yaranmasını tarixi bir proses sayaraq insanın yaranması ilə aydınlaşdırmaq olar. İlk insan yaranması ilə həm də özünün təbiətlə mübarizəsi və mühitlə uyğunlaşa bilməsi üçün müəyyən qaydalar, adətlər və rejimlər meydana gətirib. 

Bu qaydalar zaman keçdikcə sistemləşib və ədalət, bəşəriyyətin təkamülü kimi anlayışlarla təkmilləşərək hüquqlar və azadlıqlar adını alıb. İnsan hüquqlarının yaranmasında mühüm bir amil elə texnologiyanın özüdür.

İnsanın təbiətlə mübarizəsində alətlər, hərbi müdafiə üçün silahlar və.s düzəltməsi onun təkamülünə yol açıb. Bunun bərabərində insanların bu ilk texnoloji vasitələr üzərində və bu vasitələrin onların həyatına olan təsiri barədə iddiaları haqq və hüquqları meydana gətirib. 

İnsan hüquqları kimi texnologiyanın yaranması da insanın yaranması və tələbatı ilə bağlıdır. Texnologiya 1967-ci ildə David Schön tərəfindən belə adlandırılıb:  "İnsanın potensialını artıran hər hansısa alət və ya texnika hər hansı bir proses və ya hər hansısa bir fiziki təchizat və ya yaratma mexanizmi". 

İnsan hüquqları insan həyatının, hüquqlarının, azadlıqlarının, təhlükəsizliyinin, şərəf və ləyaqətinin və başqa ünsürlərin qorunmasını özünə əsas məqsəd kimi seçib. Amma texnologiya üçün bu fikri söyləmək birmənalı qarşılanmaz.

Maraqlısı budur ki, texnologiya da insanın yaratdığı və inkişaf etdirdiyi bir faktor olsa da, bəzən insanın özünə hüquq və azadlıqlarına, hətta həyatına belə zidd ola bilir.
 
Məsələn, mətbəənin, kağızın, telefonun və.s yaranması insanların bir-birlərinə daha sürətli xəbərləşməsi ,əlaqə yaratmasına yol açmış, avtomobilin, təyyarənin və digər nəqliyyat vasitələrinin yaradılması insanların işini asanlaşdırmış və insanlar tərəfindən mənimsənib.
 
Lakin hərbin inkişafı nəticəsində yaradılan yeni nüvə, bioloji və.s silahlar müharibələrin daha da itkili olmasına, terrorçuluq fəaliyyətlərində daha faciəvi nəticələrə gətirib çıxarıb.

Bundan başqa, internet hazırda insan həyatında faydalı bir faktor olsa da, sosial şəbəkələrdə kifayət qədər irqçiliyin təbliği, qadın və uşaq hüquqlarının tapdalanması, şəxsi məlumatların gizliliyi hüquqlarının pozulması kimi hallar da müşahidə olunur.

Kiberhücumlar, şəxsi məlumatların ələ keçirilməsi birmənalı olaraq insan azadlığının tapdalanması deməkdir. Hətta müəyyən bir qisim tərəfindən sosial şəbəkələrə qeydiyyat zamanı tələb olunan şəxsi məlumatlar belə təhlükəli hesab olunur. 

Daha başqa bir misal olaraq, texnologiyanın inkişafı nəticəsində get-gedə insan əməyinə ehtiyacın azalması, robot texnikasının insan fəaliyyətini əvəzləməsi, bunun nəticəsində bəzi peşələrin "ölməsi” məsələsi də mümkün haldır. Bu da insanın qanunla qadağan olunmayan istənilən əmək fəaliyyəti ilə məşğul olması hüququna müəyyən dərəcədə öz təsirini göstərə bilər.

Tibbi nəzərdən baxsaq,  burada 2 aspektdən danışmaq mümkün olacaq: birinci aspekt kimi tibbi texnologiyanın inkişafı nəticəsində xəstəliklərlə mübarizə əhəmiyyətli dərəcədə təşəkkül tapıb,  AR Konstitusiyasının 3-cü fəsli olan əsas insan və vətəndaşlıq hüquqları fəslində də öz əksini tapan insan sağlamlığının qorunması hüququ, yaşamaq hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ kimi məsələlərə öz müsbət təsirini göstərib.

İkincisi isə yenə AR Konstitusiyasının 3-cü fəsli 46-cı maddəsində öz əksini tapan şərəf və ləyaqətin müdafiəsi hüququ haqdadır. Hansı ki həmin maddənin 3-cü bəndində özünün könüllü razılığı olmadan şəxsin üzərində tibbi, elmi və başqa təcrübələrin aparılmasının qadağan olması öz əksini tapıb.

Mətbuatda, sosial şəbəkələrdə də biz müəyyən tibbi texnoloji inkişaf üçün insan həyatının təhlükəyə atılmasının şahidi olmuşuq, hansı ki bu birbaşa insan hüquq və azadlıqlarına ziddir.

Evtanaziya məsələsi də bu mövzuda mübahisəli bir məqamdır. Evtanaziya bəzi dünya ölkələrində qanuni olub, bəzi ölkələrdə isə illeqal sayılır, hansı ki Azərbaycan da bu ölkələrdəndir. 

Evtanaziyanı qanuni sayan qisim onu şəxsin sağlamlığının onun hüquq və vəzifələrini həyata keçirməsinə mane olması, həyat şəraitinin onun üçün dözülməz hal almasıyla əlaqələndirir. Qanunsuz sayan qisim isə onu şəxsin yaşamaq hüququnun əlindən alınması kimi qiymətləndirir.

İnsan hüquqları və texnologiya  ilə bağlı daha başqa fikirlər səsləndirmək mümkün olsa da, ümumi fikir budur ki, insan hüquqları və texnologiya bir-birilə qırılmaz sürətdə bağlı olub, bir-birlərinə təsir göstərərək inkişaf edir və müəyyən məsələlərdə bir-birlərini nəzərə alırlar. 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.