İnsanlığın ədalət gözləntisi

İnsanlığın ədalət gözləntisi

06-05-2020 16:35 / Bu xəbər 1445 dəfə oxundu

Ənnağı Hacıbəyli

Portuqaliyalı yazıçı, Nobel ödüllü (1998) kommunist Joze Saramaqonun "Korluq” romanının qəhrəmanlarından biri nə vaxtsa görəcəyinə ümidini itirmiş başqa bir korla söhbətində deyir: "Zaman qumar masasında qarşımızda oturan oyunçudur və oyunun bütün kartları onun əlindədir, bizlər ancaq həyatımızı verərək nəsə əldə edə bilərik”.

Böyük yazıçıların çox böyük qəhrəmanları, personajları olur. Onlar çox zaman yazıçının özünə oxşayır. Təbii ki, avtobioqrafik əsərlərdən fərqli olaraq bədii əsərlərdə oxşarlıqlar şərti və bəzəklidir. Bunun bir səbəbi də odur ki, heç kim ayıblarını açıb-ağartmağı sevmir və ya onları qəhrəmanlarının-personajlarının boynuna yükləməyə çalışır.

1922-2010-cu illərdə yaşamış Saramaqo 1969-cu ildən Portuqaliya Kommunist Partiyasının üzvü olub. Dini görüşləri üzündən hökumətin təqib etdiyi yazıçı ömrünün sonunadək Kanar adalarında yaşayıb.

"Korluq” romanı "Nəsihətlər kitabı”ndan "Baxa bilirsənsə gör, görə bilirsənsə fərqinə var” epiqrafı ilə başlanır. Fiziki korluqla mənəvi korluğun fərqini bunları qarşılaşdırmadan böyük ustalıqla göstərən yazıçının üslubu da maraqlıdır. Amma burası mənlik deyil, ədəbiyyatçıların işidir.

Görən korlar və kor görənlər. Əbədi mövzuya Saramaqo baxışı zahirən siyasətdən uzaq təsvirlərlə siyasətin, hökumətin xalqa münasibətinin astar tərəflərini çox sadə şəkildə canlandırır. Korluq epidemiyasına qarşı hökumətin laqeydliyi, bacarıqsızlığı, işbazların, kəmfürsətlərin situasiyadan alçaqcasına yararlanmaq cəhdləri, cəzasızlıq əsərin hər bölməsində real şəkildə göz önündə canlanır.

Siyasətdən siyasətsiz yazmaq ustalığı. Siyasi yazar iddiasını gözə soxmadan siyasətdən yazmaq ustalığı. İddiasızlıq dahilərin nəzakətidir.

Kor olmuş göz həkiminin arvadı təsadüfən xəstəliyə yoluxmur və bir dəstə koru idarə edir. Korlara dövlətin göndərdiyi yeməyi başqa korlara qadınların seksual xidməti müqabilində paylayan koru həkim arvadı öldürür. O özü də qadın düşkününün seksual zorakılığına məruz qalmışdı və qərara almışdı ki, zorladığı qadınları ona qoşulmuş başqa korlara paylayandan intiqam alacaq. Belə də olur. Növbəti alış-veriş zamanı kor qadına qarşı zorakılığa başı qarışmış nadürüstün boynuna qayçı saplayır.

Əsərin sonrakı səhnələrində qadının yaxşılıq etdiyi korlar bu hadisəni dəfələrlə müzakirə edirlər. Biri bunu cinayət, başqası haqlı intiqam, üçüncüsü qəhrəmanlıq sayır. Qadın bir yandan adam öldürdüyünə görə uzun zaman stressdən çıxa bilmir, başqa yandan haqlı intiqam alması onu sakitləşdirir, hətta özünə haqq qazandırır: "Qurbanın cəlladı üzərində heç bir haqqının olmaması ədalətin olmaması deməkdir”.

Əslində bu halda cəlladı da, qurbanı da birləşdirən bir bəla var – onların hər ikisi epidemiyanın qurbanlarıdır. Uzun müddət dövlətdən yardım gözləyən insanlar bunu görmür, əksinə, onları şəhərdən kənarda bir binada anormal şəraitdə dustaq kimi saxlayırlar, silahlı əsgərlərin zorakılığına məruz qoyurlar. Binadan çıxanı güllələyən əsgərlər də əslində qurbandırlar. Onlar yaxına gələn koru öldürməyə məcburdurlar, əks halda özləri də yoluxa bilərlər. Üstəlik, gözlərinin qarşısında korlarla təmasda olmuş əsgər yoldaşlarının kor olduğunu gözləri ilə görüblər. Beləcə hamı qurbana çevrilir – ölən də, öldürən də.

Təsadüfən əsəri son pandemiya günlərində oxudum. Zaman, qumar masasının bu tərəfində oturanlar, həyatını heç nəyə qurban verən insanlar. Bəşəriyyət hələ də xəstəliklər, xəstə təfəkkürlü adamlar, pis idarəçilik qarşısında acizdir.

Nə vaxtadək?

Yazı müəllifin feysbuk hesabından götürülüb.