İnstitut 400 minə "qəssabxana" tikir

İnstitut 400 minə

10-05-2021 18:53 / Bu xəbər 4893 dəfə oxundu

Qida Təhlükəsizliyi İnstitutu ilə "Aras Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalnmış tender müqaviləsində şübhəli məqamların olduğu deyilir. 

Bu barədə "qlobal.az" saytı məlumat yayıb.

Bildirilir ki, institut ilə MMC arasında mart ayının 16-da yekun vurulmuş "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə tenderin məbləği 402.207 manat təşkil edib. 
 
Bu satınalma müqaviləsində şübhəli məqamlardan biri budur ki, sifarişçi təşkilatın, yəni Qida Təhlükəsizliyi İnstitutunun tender komissiyası görüləcək işlərin detalları barədə aydın məlumat göstərmir. Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində dövlət bedcəsi hesabına inşa ediləcək "kiçik ölçülü heyvan kəsimi məntəqəsinin" sahəsinin neçə kvadrat metr olacağı, hündürlüyü, ümumi sahəsi, həcmi barədə məlumat yoxdur. Həmçinin "kiçik ölçülü ət kəsimi məntəqəsi"nin tikintisində hansı mal-materiallardan istifadə olunacağı barədə də bilgilər göstərilmir.  

Sadiq Məmmədov, Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri
 
Hazırda ölkənin müxtəlif yerlərində inşa edilən müasir tipli ət kəsimi məntəqələrinin tikintisində əsasən metal məmulatlardan daha çox istifadə olunur. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində nəzərdə tutulan kiçik ət kəsimi məntəqəsinin tikintisində də metal konsruksiyalardan istifadə olunacaqsa qalib elan edilən şirkətin - "Aras Group" MMC-nin qaynaq işləri aparmağa lisenziyasının olub-olmaması əsas suallardan biridir. 
 
Məlumata görə isə tikinti işləri aparmaq üçün "Aras Group" MMC müvafiq dövlət orqanlarının tələb etdiyi lisenziyalara sahib deyil. 
 
Digər əsas məsələ Ağdam rayonunda inşa ediləcək "kiçik ölçülü ət kəsimi məntəqəsinin" smetası ilə bağlıdır. Bu tikintinin qiymətinin həddindən artıq "şişirdildiyi" deyilir. Əlbəttə ki, tikintinin sahəsinin, həcminin Qida təhlükəsizliyi İnstitutu ictimaiyyətə açıqlamadığı üçün məntəqənin real dəyərinin nə qədər olduğunu hesablamaq mümkün deyil. Amma hazırkı bazar qiymətlərinə və eləcə də ölkədə keçirilən satınalmalara diqqət etdikdə Ağdam rayonunun Quzanlı qəsbəsində inşa ediləcək kiçik ölçülü ət kəsimi məntəqəsinin qiymətinin 60-70 faiz artırıldığı görünür. 
 
Burada maraqlı məqamlardan biri də qalib elan edilən şirkətlə - "Aras Group" MMC ilə bağlıdır. 
 
"Aras Group" MMC 2014-cü ilin yanvar ayında dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sultanov Azad Yusif oğludur.
 
Şirkət arasgroup.az domenli websaytda özü haqqında müxtəlif məlumatlar verir. Məsələn, şirkət "xidmətlər" bölümündə hidrolizasiya, epoksid, qumlama-boyama, linoleum, beton işləri və boya tətbiqi sahələri üzrə xidmət göstərdiyini elan edir. Gördüyümüz kimi burada xüsusi lisenziya tələb olunan qaynaq işləri və digər tikinti işləri aparması barədə şirkət heç bir məlumat vermir. 
 
Şirkət websaytında qeyd edir: "Aras Group MMC şirkəti 2013-cü ildə yaradılmış dinamik bir şirkət olub müxtəlif subpodrat işlərinin icrasında professional xidmət göstərməkdədir". Yuxarıda da vurğuladığımız kimi dövlət reyestrində Aras Group MMC-nin 2014-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkət isə öz səhifəsində 2013-cü ildən fəlaiyyət göstərdiyini yazır. Belə olan təqdirdə sual meydana çıxır: Araz Media Group bu bir ili dövlət qeydiyyatına alınmadan, vergi ödəmədən çalışıb? Ancaq bu, yəni "Aras Group" MMC-nin özünü "bir il qocaltması" bizi yazının əsas mahiyyətindən yayındırmasın. 
 
Qida Təhlükəsizliyi İnstitutunun "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin smetasının 402.207 manat həddində olması ciddi şübhə doğuran məqamdır. Bu şübhəni isə sözügedən tikintinin sahəsi, forması və digər texniki şərtləri açıqlamaması daha da artırır. 
 
Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin may ayının 6-da İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova isə qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.