İntihar edən xəyallar

İntihar edən xəyallar

07-11-2022 14:08 / Bu xəbər 2114 dəfə oxundu

"Yenə də sıradan bir gün idi Yusif üçün. Son bir neçə ay idi ki, səhərəcən ata-anasının səs-küyündən zorla yuxuya gedirdi. Valideynlərinin sözləri bir-birinin boğazından keçmirdi. Əvvəllər də belə dava-dalaşları olurdu. Amma son aylarda çoxalmışdı bu söz-söhbətlər. Hətta o qədər cansıxıcı idi ki, binada hər kəs gec saatlara qədər bu ər-arvadın söz-söhbətindən şikayətçi idi. Kim Yusifi, ya da bacısı Arzunu görsə, pıçıltı ilə dedi-qodu edir, körpələrə yazıqları gəlir, gül kimi iki günahsız körpənin gələcəyinin göz görə-görə puç olduğundan danışırdı. Bütün bu problemlərin kökündə duran isə yoxluq, kasıblıq, pulsuzluq, çətinliklə dolanmağa çalışmaqları idi. Yusifin atası istəyirdi ki, dolanışıq çətindi deyə qazanc üçün Rusiyaya getsin, orada işləsin, evə pul yollasın. Yoldaşı isə bununla razılaşmırdı. Çətin vaxtdır, hər yerdə çətindir vəziyyət, bizi qoyub getmə deyə onu fikrindən daşındırmağa çalışırdı. Bütün bu söhbətlərin şahidi olan Yusif ailəsinin pərən-pərən düşməyindən çox qorxurdu. Atası gedərsə, oradan qayıtmaq istəməz deyə hədsiz narahat idi. Söz var, deyirlər, nədən qorxarsansa, onunla sınanarsan. Bu məsəl balaca Yusifin də ömrünə möhürünü vurdu. Atası borc-xərclə bilet üçün pul düz-qoş edib Rusiyaya getdi. Anası kirələrdə, öhdəsində iki balaca uşaq, 90-cı illərin qıtlıq, kasıblıq vaxtı əvvəlkilərdən də çox böyük əziyyətlər çəkməyə başlamışdı. O qədər çətin vəziyyətdə yaşayırdılar ki, 8 yaşlı Yusif məktəbə başqalarının köhnələri ilə gedər, çox zaman səhər yeməyə quru çörək belə olmaz, gözü yoldaşlarının yeni geyimində, ürəyi dostlarının ağız dolusu söhbətlərində qalardı. 

Rusiyada işləyib pul yollamaq fikri yalan olunca atası qısa zamanlıq geri gəlmiş, həmin müddətdə də ata-anası ayrılmış, təkrar Rusiyaya qayıtmışdı. Yoxluq, kasıblıq dərdinin üzərinə indi bir də atasızlıq acısı artmışdı balaca Yusifin. Bütün dünyası başına yıxılmışdı körpənin sanki. Balaca qəlbində olan bütün istək-arzularını öldürmüşdü həyat, dəfn etmişdi qaranlıq bir yerdə. Yusif uşaqlığına belə vida etmişdi. Demək olar ki, həyat onun üzünə heç gülməmişdi...

Acıları, unudulmaz kədərli anları çox idi. Amma həyatında dərin iz buraxmış bir hadisə onu çox sarsıtmışdı. Anası evin kirayə haqqını iki ay ödəyə bilməmiş, ev sahibi gecənin soyuğunda iki körpəyə onu evdən çıxarmış, həmin gecəni binanın girişində döşəyi yerə sərib, üstündə sabahlamışdılar. Yusif sabahacan anasının içini döyərək ağlamağını dinləmişdi həmin gecə. Bu gecənin acısı zülməti qədər acımasız idi. Həmin gecə böyümüşdü Yusif! "İnsanı yaşı yox, yaşadıqları böyüdər” fikri sanki Yusifin o gecəsinin təsdiqiydi. Evin oğlu, əri, atası, qardaşı olmaq yükü də dağlara düşən zamansız qar kimi ələnmişdi yüklərinin üstünə bu uşağın. 

14 yaşa qədər birtəhər keçinib gedirdilər. Amma illərdi beynində cavabsız qalan o qədər suallar vardı ki... Anası həmişə deyirdi ki, atanız sizi sevmir, istəmir, ona görə qoyub getdi. Yusif istəyirdi ki, atasını axtarıb tapsın, ondan əsl səbəbləri öyrənsin. Anlamırdı ki, atası sevib ailə qurduğu xanımdan dünyaya gəlmiş övladlarını niyə sevməsin? Bu əziyyətlərə, acılara onları niyə layiq görmüşdü? Nə günahları vardı? Onları qoyub getməyinə səbəb nə idi? Bu suallar onu lap bezdirmişdi. Elə zamanlar olurdu ki, hətta özü-özünə səsli şəkildə verirdi bu sualları, acığını kimdən, necə çıxacağını bilmirdi, yumruğu ilə hara gəldi zərbələr endirir, ürəyini bu cür soyutmağa çalışırdı. 

Anası nə qədər onlara atasının pis biri olduğunu desə də, onu qınasa, günahlandırsa da, Yusif atasını axtarıb tapmaq fikrindən daşınmırdı. Bacısı 17 yaşında ikən anasının onu ərə vermək istəyi Yusifin səbrini daşdıran son damla oldu. Həmin adam bacısını qaçırdı, 14 yaşlı Yusif də atasının yanına Rusiyaya üz tutdu. Nə az, nə çox, 4 il atasının yanında qalan Yusif atasının onları atıb getməsini atasına bağışlamır, atasından ayrı evdə qalır, işləyir, qazancını toplayır ki, arzularını gerçəkləşdirsin. Ən böyük arzusu Rəssamlıq Akademiyasında oxumaq idi. Çox gözəl şəkil çəkmək qabiliyyəti vardı. 

Amma təəssüf ki, atasız qalınca dolanışıq çətin olduğundan məktəbi yarımçıq qoymuş, işləməyə məcbur olmuşdu. Ona görə də indi yarım qalmış xəyallarını gerçək etmək üçün bütün gücü ilə işləyir, pulunu toplayırdı. Hətta atası söz vermişdi ki, onu oxudacaq. Bu fikirlə də 18 yaşında geri dönən Yusif əsgəri xidmətini başa vurduqdan sonra atasının yanına qayıdarkən bütün sənədlərini də özü ilə aparmışdı. Çox əlavə xərclər olmasın deyə meşədə atası ilə evlər tikən, qazancını toplamağa çalışan Yusif onunla birgə yaşamağa başlayır. Bədbəxtliklər yenə də Yusifdən əl çəkmir. Bu dəfə də qaldıqları tikilidə yanğın baş verir. 

Bütün sənədləri, zülmlə qazandığı pulları gözlərinin önündəcə yanıb külə dönür. Onu oxudacağı fikrinin yalan olması, atasının keçmiş həyat yoldaşından qisas almaq üçün oğlunu anasından ayırıb yanında saxlamaq məqsədilə belə bir yalana əl atdığını öyrəndiyi gün yıxılmışdı dünyası. Bunları anlayandan sonra evlərinə geri dönür. Anası onu çox danlayır ki, məni tək qoyub getmə bir də, bilmirsən, öldüm, qaldım. Yusif həyatını düzənə salmaq, həyata meydan oxumaq qərarına gəlir və peşəkar bir bənna olur. Onun əli dəyən işlər hər kəsdə bir sənət əsəri, memarlıq abidəsi təəssüratı oyadır. Yenə həyat acımasızlığından əl çəkmir, bu dəfə də tikintidə bir qəza baş verir, Yusif yuxarı mərtəbədən yıxılır, ayaqlarının hər ikisi qırılır. Bir il çox zülm çəkir, bir müddət sonra ağrıya-ağrıya işə çıxır. 

Anasının məsləhəti ilə anasının xalası nəvəsi ilə ailə qurur. Qızı sevmir heç, anası bəyəndiyi üçün evlənir. 3 il övladları olmur. Yoldaşı ilə sözləri düz gəlmir. Çox çalışır ki, ailəsini toparlasın, əlində tutsun. Xanımına yeri gələndə dost, yeri gələndə ata, qardaş, yeri gələndə sirdaş olur ər olmaqdan başqa. Amma nəticəsiz qalır bütün çabaları. Üç illik həsrətdən sonra bir oğulları olur. Daha sonra bir oğul övladları daha dünyaya gəlir. Sevgisizlik öz sözünü deyir. Sevgi ilə qurulmuş ailələri necə parçalanmışdısa, eyni acını Yusif öz ailəsi ilə yaşayır. Eyni bir evin içində balalarının xətrinə ömür sürməyə çalışan qohumkən belə iki yad insanın ulduzu barışmır heç cür. Saxta ailə tablosu yıxılır bir gün. Ayrılıq yelləri əsir. Anası onun böyük oğlu ilə nəfəs alır deyə böyük uşaq atasıgildə qalır, balaca isə anası ilə. Həyatından tufan-qasırğaların əskik olmadığı Yusif hər yıxılanda ayağa durub, dizlərinin qanını, gözlərinin yaşını silib həyata inad davam etməkdən yorğun düşür”, – yazının sonunda mötərizə açıb bir neçə qeydiyyat götürür psixoloq Nura xanım:
- ( Növbəti seans 10.07.2021.  Yusiflə bacısının necə qətlə yetirildiyindən danışacağıq).

Dəftərçəsini səliqə ilə bağlayıb yazı masasının üzərinə qoyandan sonra eynəyini çıxarır gözündən. Gözlərini bir qədər ovuşdurub  fikrə dalır. Qəribə bir şəkildə Yusifin bəzi cavabları beynində dolaşır.

- Mən öz anasına belə güvənməyin peşmanlığını yaşamış, kimsəyə güvənməməyi özünə peşə seçmiş, geriyə dönmək şansı olsa, qayıtmaq istədiyim bir anı belə olmayan, heç böyüməmiş bir uşağam, Nura xanım. 

-Görəsən, həyat üzünə heç gülməmiş biri olaraq həyatla mübarizə aparmaqda olan Yusiflər bu dünyanın seçilmişləridirmi? Bu qədər acıları varkən şükür etməkdən yan keçməyən Yusiflərin çiyinlərində dönür bu dünya, bəlkə də?!

Günel İbrahimova 
(Real həyat hadisələri əsasında)