"İntiqam Əliyev dərhal azadlığa buraxılsın"

06-05-2015 12:56 / Bu xəbər 1626 dəfə oxundu

Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutu (IBAHRI)  hüquqşünas İntiqam Əliyevin barəsində hökmü sərt şəkildə pisləyir və Azərbaycan hökumətini bu işə təcili olaraq yenidən baxmağa çağırır.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev aprelin 22-də 7 il yarım həbs cəzası alıb. Hüquqşünas vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. 

Qurum xatırladır ki, İntiqam Əliyev 100-dən artıq insan haqları pozuntusunu Avropa İnsan Haqları Məhkəməsinə çıxarıb. IBAHRI-nın həmsədri Helena Kennedy deyir:

SİYASİ TƏQİB NÜMUNƏSİ

"İntiqam Əliyevin məhkum olunması Azərbaycanda vətəndaş cəmiyyəti və insan haqları müdafiəçilərinə, özəlliklə fundamental ifadə azadlığı hüququndan istifadə edənlərə qarşı siyasi motivli təqiblərin bir nümunəsidir. IBAHRI Azərbaycan hökumətini təcili olaraq çağırır ki, cənab Əliyevə qarşı hökmə yenidən baxsın. Çünki Azərbaycanın bütün vətəndaşları, ölkənin üzv olduğu Beynəlxalq Mülki və Siyasi Hüquqlar Konvensiyasının 14-cü maddəsinə əsasən ədalətli məhkəmə hüququ ilə təmin olunmalıdır. IBAHRI həmçinin Azərbaycanı çağırır ki, Avropa İnsan Haqları Konvensiyası çərçivəsində, özəlliklə, ədalətli məhkəmə və ifadə azadlığı hüququnu qoruyan 6 və 10-cu maddələrin nəzərdə tutduğu öhdəliklərinə əməl etsin”. 

Helena Kennedy daha sonra Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarını yada salır. Qurum hökumətə vətəndaşlarının fundamental azadlıqlarının qorunması daxil olmaqla, beynəlxalq və Avropa hüququ çərçivəsində öhdəliklərini xatırladır.

Beynəlxalq Vəkillər Kollegiyası (IBA) 1947-ci ildə yaradılıb, vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini birləşdirən qurumdur. Təşkilatın inzibati ofisi Londonda yerləşir.

Beynəlxalq Vəkillər Kollegiyasının İnsan Haqları İnstitutunun (IBAHRI) məqsədi isə hüququn aliliyi çərçivəsində insan haqlarının qorunması və təminatı, dünyada ədliyyə sisteminin və hüquq peşəsinin müstəqilliyini qorunub saxlanmasıdır.

İntiqam Əliyevin məhkum edilməsini ABŞ Dövlət Departamenti, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları pisləyib. Hökumət təmsilçiləri isə bu bəyanatları rədd edərək ölkədə fundamental hüquq və azadlıqların təmin olunduğunu bəyan edib. (azadliq.org)

www.ann.az