İntiqam Əliyevdən daha bir roman

İntiqam Əliyevdən daha bir roman

02-07-2019 00:57 / Bu xəbər 1196 dəfə oxundu

"Əclafın ölümü” adlanan əsər "əclaflar barədə deyil, onları yetirən sistem barədədir”
 
Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyev daha bir romanını oxucuların ixtiyarına verib. 

"Əclafın ölümü” əsəri avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. 

Bu barədə ArqumentAz-a İntiqam Əliyev deyib.

Müəllif əsərin məmunu barədə danışarkən belə deyib: "Opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur; bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır". 

Onun sözlərinə görə, təsadüfi deyil ki, kitabın əsas sloqanı kimi onun "əclaflar barədə deyil, onları yetirən sistem barədə olduğu” vurğulanır.

Əsərin əsas qəhrəmanı hakimiyyətin basqılarına məruz qalan medianın, jurnalistlərin, ictimai-siyasi fəalların işlərini çıxan az sayda mübariz vəkillərdən biridir. 

Ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir. İdarəçilər üçün ciddi başağrısına çevrilən vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır. 

Təkcə öz ölkəsində deyil, kənarda da müdafiəsi üçün kampaniyalar təşkil olunur, adı dünyada tanınmış dustaqlarla yanaşı çəkilir, ən nüfuzlu ödüllərə layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir. Beş illik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, onun müdafiəsinə qalxan, çətin anlarında yanında olan kəsimə, keçmiş əqidə yoldaşlarına qarşı...

Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub. 

Kitab hələ ki, elektron variantdadır, onun yaxın vaxtlarda həmçinin çap variantının oxuculara təqdim edilməsi nəzərdə tutulur. 

Əsərin elektron variantını bu linkdən əldə etmək olar.

İ.Əliyevin "Meydan” adlı ilk romanı  2018-ci ildə nəşr edilib.