İntiqam Hacılı: "Sanki kinomuz bizə deyir ki, hansı günümə mənə ad günü keçirirsiniz?!"

İntiqam Hacılı:

01-08-2024 02:37 / Bu xəbər 2856 dəfə oxundu

"Kinematoqrafiyanı bilən və sevən peşəkarlara həvalə etməklə işlək bir kino sənayesi yaratmaq olar” 

Müsahibimiz prodüser, rejissor İntiqam Hacılıdır. 

Rejissoru olduğu "Göllərin arasında” sənədli film layihəsi 2017-ci ildə Riqada keçirilən "Artdocfest” Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib. 

Elə həmin il "Atam, anam və bir də mən” sənədli filmini çəkib. 

Kinoprodüser kimi 2018-ci ildə "Qaranlıqdan reportaj” bədii filmi ilə Marsel Beynəlxalq Kino Festivalının (Fransa), 2021-ci ildə isə "Biləsuvar” bədii filmi ilə "Moskovskaya premyera” Kino Festivalının (Rusiya) iştirakçısı olub.

2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı onu "Müstəqil kinonun inkişafındakı xidmətlərinə görə” nominasiyasında mükafatlandırıb. 

Teatra gəlincə, müstəqil olaraq 2015-ci ildə "Gələcəyin yuxusu” pyesini yazıb və quruluş verib. 

Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Kontrabasçı”, İsveçrə Səfirliyinin dəstəyi ilə "Yasaq cəh-cəhlər” tamaşalarının prodüserlərindən biri olub. 

"Arqument.az" İntiqam Hacılı ilə müsabibəni təqdim edir:

- Qarşıdan 2 avqust Milli Kino Günü gəlir. Azərbaycanda kino sahəsinin, kino istehsalının vəziyyəti nə yerdədir.
- Azərbaycanda kinonun inkişafı ilə bağlı prezidentin sərəncamı  ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” olub. Çox təəssüf  ki, proqramda göstərilənlərin çox hissəsi, özü də vacib məqamları yerinə yetirilmədi, yerinə yetirilən məsələlər isə yeni istehsalat  forması ilə bağlı olmadı. Əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəd olan "Dövlət proqramı”na kino sahəsini idarə edən məmurların bu cür münasibəti kino sənayesinin formalaşmamasına gətirib çıxartdı. Artıq, yerinə yetirilməyən həmin onillik "Dövlət proqarmı”ndan sonra kino sahəsini idarə edənlərin ortaya qoyduqları heç bir konsepsiyaya və guya tərbiq etdikləri "mexanizm”lərə inanmaq axmaqlıqdır. Biz kino adamları öz gücümüzə kino işlərimizi görməyə məcburuq. Halbuki hazırda kinomuzu kinoya dəxli olmayan bəzi məmurlardan təmizləyib, kinematoqrafiyanı bilən və sevən peşəkarlara həvalə etməklə işlək bir kino sənayesi formalaşdırmaq mümkündür, eləcə də Azərbaycan kinosunda bum yaratmaq olar.  
 
- Dövlət Dram Teatrına getməyiniz necə oldu?
- Bu iş mənə ovaxtkı teatr sektorunun müdiri tərəfindən təklif olundu. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasına qoşulub sertifikat əldə etmişdim. Təklif də elə laboratoriyanın keçirildiyi "Yarat” mərkəzində edildi. Düşündüm və bir həftədən sonra razılıq verdim. Çünki regionlarda yerləşən teatrların vəziyyətlərinin ağır olduğunu bilirdim. 2022-ci ilin aprel ayında Lənkəran Dövlət Dram Teatrının direktor müavini, 2023-cü ilin yanvarından 2024-cü il fevralına qədər isə Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsinin icra etdim. Məlumdur ki, Azərbaycan teatrı da "sovet teatrı” deyilən məktəbin tərkib hissəsi olub. Oradakı məlum proseslər, illərin daşlaşmış ənənələri və intriqaları mənim üçün maraqlı idi. Böyük bir təcrübə olacağını bilirdim və kino adamı kimi bu mənə lazım idi. Bütün hallarda teatrda mühüm işlər gördüm.

- Dövlət Dram Teatrlarında nə kimi problemlər var?
- Bunları sadalamaqla qurtarmaz. Hələ direktor müavini işlədiyim 8 ay müddətində hər günüm tələb etməklə keçib. Amma heç birisi yerinə yetirilmirdi. Təsəvvür edin ki, teatrda şənbə-bazar tamaşaları yox idi. Bircə bu fakt teatrın hansı vəziyyətdə olduğunu göstərirdi. Hər bir Dövlət Dram Teatrında olan problemlər iki yerə ayrılır: Azərbaycan teatrlarına xas olan problemlər (maddi-texnika baza) və özünəxas olan (repertuar, sexlərin vəziyyəti və kadrlar) problemlər. Yəni ümumi problemlər və bir də teatrı idarə edənlər tərəfindən yaradılan problemlər. Ümumi problemlər dövlət tərəfindən hissə-hissə, zamanla həll olunur. Amma süni şəkildə yaradılan problemləri isə konkret idarə edən rəhbərin teatra olan münasibətindən və ya bu sahəyə aid olmamasından irəli gəlir. 

- Bildiyimizə görə, işlədiyin qısa müddət ərzində teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişiklər olub. Bu qısa müddət ərzində hansı işləri həyata keçirə bildiniz və teatrda hansı problemlər var idi?
- Repertuar, sexlərin vəziyyəti, kadr problemləri, işə münasibət və s. Texniki işçilərin sayı az, sexlərin çalışması üçün əksər avadanlıqları yox idi. O sexdəki 3-4 nəfər çalışmalı olduğu halda, onların sayı bir nəfər idi. Aktyor heyətində təhsilli və peşəkar aktyorlar ancaq yaşlı nəsil arasında qalmışdı. İşə götürülən gənc aktyor heyətindəki işçilər bu peşəni teatr daxilindəki yaradıcı proseslərdən öyrənmişdilər, yəni hər hansı peşəkar məktəb yetirmələri deyildi. Otaqların iş prosesi üçün lazım olan şəraiti (kondisoner, kompyuter, internet və s.) yox idi. Teatrda bircə kondisioner işləyirdi, o da direktorun otağında. Təsəvvür edin ki, direktor oturub kondisionerli otaqda, digər işçilər də yayda istidən, qışda soyuqdan əziyyət çəkir. İstidən yanır dedikdə, onlar da məcbur olurdu bir-iki saat teatrın binasında qalıb, sonra üzbəüz çayxanaya qaçsın. Bircə mühasibatlıq otağındakı üç-dörd işçi yayda isti, qışda soyuq otaqda çalışmağa məhkum idi.

- Bəs tamaşalar necə hazırlanırdı?
- Dediyim kimi, teatrda şənbə-bazar tamaşaları verilmirdi, hər ayın repertuarı yox idi. Tamaşaların PR-ı aparılmırdı, sosial şəbəkə səhifələri ancaq heyətin doğum günlərini təm-təraqla yayımlayırdı. Teatrın saytı həvəskar səviyyəsində və işlək vəziyyəti də ağır idi. Bayaq dediyim kimi, sadalamaqla bitmir. İşçilər nə zaman işə gəlir, nə vaxt gedir, bilinmirdi. Bir sözlə, acınacaqlı bir vəziyyət idi. Tamaşalara gəldikdə isə, ildə bir dövlət sifarişi üçün , yeni il və novruz bayramlarında uşaqlar üçün və festival üçün tamaşalar hazırlanırdı . Bu tamaşaların hazırlanmasının yükü də az saylı texniki işçilər üzərinə düşürdü. Geyimlərin əksəriyyəti belə teatrdan kənarda tikdirilirdi. Çünki dərzi sexində bir nəfər çalışırdı, o da sözsüz ki, təkbaşına bir tamaşanın geyimlərini hazırlaya bilməzdi. 

- Bunları aradan qaldırmaq üçün ilk olaraq hansı addımları atdınız? 
- Qısa müddətdə teatra 25 nəfərə yaxın işini bilən gənc və digər yaşlarda olan kadrlar götürüldü. Onların içərisində iki ixtisaslı gənc aktyor və bir peşəkar aktyor, iki rəssam (biri qrimçi rəssam olmaqla), bir dərzi, bir rejissor, bir kassir, ədəbi-dram hissə müdiri, səhnə sahə rəisi (təhsilli), foto-videoqraf, iki işıqçı, bir səsçi, üç səhnə maşinisti və s. var idi. 

- Bu kadrlarla teatrın problemləri aradan qalxırdımı?
- Əlbəttə, yox. Bu işçi heyətlə ilk olaraq teatrda iş prosesinin sürəti artırıldı. İşə yeni götürülən və teatrda uzun illər işləmiş peşəkar kadrlarla birgə ilkin olaraq teatrda sexlərin vəziyyətini dirçəltməyə başladıq. Gücümüz çatan, yəni teatr daxili gəlirin hesabına sexlərə vacib lazım olan bəzi avadanlıqları aldıq. Direktor otağından başqa 3 otağın da kondisioner vəziyyətini düzəltdik. Baş rejissorun otağına yeni kondisioner aldıq. İş otaqlarının və qrim otaqlarının elektrik imkanları artırıldı. Qrim sexi üçün yeni otaq ayırdıq və təmir olundu. Dərzi sexi üçün yeni yer ayırdıq və təmir etməyə başladıq. Rütubət içində olan kassa otağı başdan-ayağadək təmir olundu. Afişa sistemini qaydasına saldıq, teatrın şəhərin mərkəzi küçəsi tərəfində olan divarlarını peşəkar afişalar bəzədi. Repertuarda tamaşaların sayını çoxaltmağa başladıq, bu tamaşaların tizerlərini çəkdik və teatrın sosial şəbəkə səhifələrini peşəkar səviyyəyə çatdıraraq bu tizerləri orada yayımladıq. Teatrın həvəskar formada olan saytını ləğv edib yenisini yaratdıq. Müəssisənin internet və kompyuter imkanlarını artırdıq. Təsəvvür edin, teatrda bir wi-fi aparatı var idi, o da 20 il əvvəlinin aparatı. O aparatı görəndə əsəb keçirirdim. Onu hələ də özümdə saxlamışam.

- Aradan qaldırdığınız bu problemlər teatrın repertuar işinə necə təsir etdi?
 - Paralel olaraq istehsalat prosesi gedirdi. Düzdür, texniki və digər məsələlərə vaxt ayrılan zaman tamaşaların hazırlanması bir az zorlanır. Amma, hər bir problem həll olunduqca, istehsalatın sürəti artırdı. Teatrın sərnişin və dekorasiya daşınması üçün nəzərdə tutulan qeyri-işlək və yarı işlək vəziyyətdə olan iki ədəd "QAZel” markalı maşınını təmir etdirib saz vəziyyətə gətirdik, qastrol səfərlərimizi rahat şəkildə həyata keçirməyə başladıq. Maşınları texniki baxışdan keçirilməməsinin 8 ili tamam olurdu, bu dəhşət idi.  

Dayandırılan şənbə-bazar tamaşalarını dərhal bərpa etdik və ardıcıl olaraq həmin günlərdə tamaşalar göstərməyə başladıq. Hər ayın təyin olunan repertuarı həm teatrın saytında, həm sosial şəbəkələrində, həm də teatrın qarşısında afişa formasında yerləşdirildi. Tamaşaçıları teatra cəlb etdik. İlk əvvəllər tamaşaçı sayı 10-15 nəfər idisə, getdikcə onların sayı artmağa başladı, açıq kassanın fəaliyyəti yüksəldi. Tamaşaçılarımızın sayı 40-70 nəfərə qalxmağa başladı. Premyeralarda bu rəqəmlər 100-200 arası olurdu. Artıq Lənkəran tamaşaçıları da sevinməyə başlamışdı, onlar teatra öyrəşirdilər, bizə yazırdılar, müzakirələr aparırdılar.
Hazırlanan tamaşaların dekarasiyasına, geyiminə xərclər çəkilirdi. Dəftərxana, təsərrüfat, istehsalat xərclərini artırdıq. "Yox” yox idi. Planımızı müəyyənləşdirdik. Kommersiya xarakterli tamaşalar, klassik tamaşalar və festival üçün tamaşalar hazırlamağa başladıq.2023-cü ildə tamaşa və kompozisiyalarımızın sayı 12-yə yüksəldi.  Bu düzənlə inkişafın artıq hara gedib çıxacağı məlum idi.

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi ilə əlaqə qurdum, yerli yazarı da müəllif kimi cəlb etdik, bu həm də tamaşaçı potensialına təsir edirdi. 2024-cü ilin əvvəlində İsveç səfirliyi ilə birgə məşhur isveç rejissoru və dramaturqu İnqmar Berqmanın "Payız sonatası” əsərini hazırlamağa başlayırdıq. Biz bu tamaşa ilə Avropaya da getməyi planlayırdıq. Keçən il isə "Azərsun” Holdinqlə "Uçan səhnə” layihəsi çərçivəsində Lənkəranın ucqar kəndlərinə balacalar üçün tamaşalar aparırdıq. Həqiqətən bir il bir ay ərzində çox böyük işlər gördük. Azərbaycan teatrında ilk dəfə olaraq verbatim (sənədli teatr) janrında tamaşa qoyduq. Uzun illərdən sonra Lənkəran Dövlət Dram Teatrında iki mono tamaşa hazırlamağa başladıq, onun birini tam hazır etdik ("Bu da axırı” aktyor Əbülfəz Axundov) və hər ay repertuarda oynanılırdı. İki gənc rejissoru - Abdulla Elşadlı ("The Müqəssir” tamaşası) və İmran Ali Qurban ("Cəmilə” tamaşası)  - teatra dəvət etdik. Bu tamaşalar üçün nə lazım oldusa teatr olaraq öhdəsindən gəldik. Hər iki tamaşanınm dekorasiya işi və geyimləri istehsalatın səviyyəini göstəririd. İki gənc rejissorun teatra dəvət olunmasının əleyhinə olmadım, tamaşaların əmrini verdim. Pis-yaxşı gənclərə şərait yaratdıq və onlar teatrda rejissor kimi böyük təcrübə qazandı. Hətta Abdulla Elşadlının "The Müqəssir” tamaşası ilə paralel ikinci bir tamaşa ("Bu da axırı” monotamaşası) hazırlama xahişini də qəbul etdim. Çünki nə baş verirdisə, LDDT-nin və Azərbaycan teatrının xeyrinə idi. Əlavə olaraq, sonuncu yeni il tamaşası üçün yeni geyimlər tikdirdik, bu, balaca tamaşaçılar üçün yeni obrazlar idi. 

- "Azərbaycan teatrının mövcud problemlərinin kökündə sovetdənqalma sistem dayanır” - bu fikirlə razılaşırsınız?
- Sözümün əvvəllərində də bu barədə dedim. Əlbəttə, hə. Azərbaycanda dövlət teatrları hələ də sovetlər dönəmindən qalan sistemin üzərindədəir. Baza odur. Sovetlər İttifaqı dağıldıqdan sonra sosialist ölkələr azad bazar iqtisadiyyatına - kapitalizm sisteminə keçdilər. Həmin ərəfədə istər-istəməz, mədəniyyətin bütün sahələri kimi teatrda da durğunluq yaşandı. Sonralar prezidentin sərəncamı ilə Azərbaycan teatrının inkişafı ilə bağlı 2009-2019-cu illər üçün "Dövlət proqramı” hazırlandı. Proqramda teatrların maddi-texniki bazasının yaxşılaşdırılması və yeni kadrların yetişdirilməsi ilə yanaşı, azad bazar iqtisadiyyatı ilə ayaqlaşma, marketinq strategiyasının teatrlarda tətbiqi kimi məsələlər vardı. Təəssüflər olsun  ki, kino sahəsində olduğu kimi, "Dövlət proqramı”nda göstərilən əsas vacib məsələlər teatrlara da tətbiq olunmadı. Hətta, 2020-ci ilə qədər ölkə prezidenti tərəfindən regionlardakı teatrların maddi-texniki bazasının yaxşılaşdırılması üçün dəfələrlə maliyyə ayrıldı. Amma, teatrların maddi-texniki bazası ilə tanış olsanız məsələnin hansı vəziyyətdə olduğunu görərsiniz. Teatrların sexlərinə, zallarına, səhnəsinə baxmaq kifayətdir.

- İncəsənət sahələrində köhnə sistemin ləğvi üçün mütləq alternativ variant da olmalıdır. 
- Dediyim kimi, bütün bunlar "Dövlət proqramı”nda öz əksini tapmışdı. Arxada qalan 20 il ərzində bunu mərhələli şəkildə həyata keçirmək olardı. Mərhələli şəkildə bunu etdikcə köhnə sisitemlə işləyən insanları da yeni sistemə öyrəşdirmək mümkün idi. Bir də ki dünyada bu sahələr üçün təcrübədən keçmiş uğurlu mexanizmlər var. Onları mədəniyyətimizin bu sahələrinə tətbiq etməklə inkişaf etdirmək olardı və olar.

- Vaxtilə Azərbaycan Akedemik Milli Dram Teatrında direktor işləmiş İsrafil İsrafilov siz dediyiniz bəzi məsələləri ana teatrda tətbiq etmək istədi, amma qalmaqallar, narazılıqlar artdı...
- Çünki hardan başlamaq önəmli məsələdir. Məncə, o, aktyor ştatlarının ləğvindən başlamaq istəyirdi.  Əslində isə yuxarıdan, idarə sistemindən  başlamaq lazım idi, özü də konseptual şəkildə. Ləğvə qalsa, ilk olaraq teatrlarda direktor və baş rejissor ştatları ləğv olunmalıdır, onların yerinə teatr prodüserləri, menecerləri, marketoloqlar və s. gətirilməli, marketinq strategiyası tətbiq olunmalıdır. Bu da mərhələli formada aparılmalıdır. Hər bir müəssisənin inkişaf və marketinq strategiyası olmalıdır. Amma dövlətin mədəniyyət siyasətini həyata keçirən teatrların kokret bu strategiyası yoxdur. Teatrlar onlara təyin olunan direktorların, baş rejissorların, yəni rəhbər adamların hardasa şəxsi zövqü ilə çalışır. Neynəyək ki, hər kəsin incəsənət zövqü də tutarlı olmur. Bir sözlə, teatrlarda marketinq şöbəsi olmalıdır.

- Teatrda nəsil qarşıdurmasının da səbəbi, məhz, maliyyə ilə əlaqədardır?
- Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq ixtisasını bitirənlər Bakıda qalırlar. Teatrlarda maaş az olduğu üçün aktyorlar da ikinci, üçüncü iş yeri axtarırılar. Onlar seriallara, filmlərə, reklamlara çəkilir, hətta toylarda, xınayaxdı və digər el şənliklərində müğənnilik, tamadalıq da edirlər.  Regionlarda kino, serial və reklam kimi digər audio-vizual məhsulların istehsalı yox dərəcəsində olduğu üçün, region teatrlarına həmin şəhərin sakini olan belə gedib işləmək istəmir. Belə olduğu halda məcbur qalaraq dərnəklərdə iştirak etmiş və yaxud da bir az aktyorluq bacarığı olan insanları region teatrlarının aktyor ştatına qəbul ediblər. Onlar teatrların tərkibində olan studiyalarda və yaxud da tamaşalarada ikinci, üçüncü dərəcəli rol oynamaqla aktyorluğu öyrənməyə çalışıblar. Digər tərəfdən isə, teatrlarda vaxtilə yaşlı nəsil indiki yaşlı nəsilə hansı münasibəti göstəribsə, indi də onların bəziləri gənc nəsilə eynisini nümayiş etdirirlər. Nəsillər arasında qalmaqalları yaradan səbəblərdən biri də titullar və mükafatlardır. Titulların (Əməkdar artist, Xalq artisiti) verilməsi vaxtı uzandıqca, aktyorlar yaşlanır, gəlib 50-60 yaşlarına çatırlar. Nəticədə bir teatarda fəxri ad almaq üzrə olan aktyorların sayı çoxalır, məsələn, 15-20 nəfərə çatır. Tutalım, nə vaxtsa iki nəfərə əməkdar artist adını verəcəklərsə, aktyorlar arasında, eləcə də, onların direktor və baş rejissorla intriqaları başlayır. Prezident mükafatını da eynən uzun illər eyni şəxslər alır, digərləri qalırdı belə. İki-üç yer ayrılır prezident mükafatına, burada da mükafatı almaq istəyənlərin sayı 10-15 nəfərdir. Rolların bölünməsində də problemlər üzə çıxır. Qalmaqallar və qruplaşmalar belə məsələlər ucbatından baş verir. Əslində, sovetdən qalma bu sistemdə aktyorları qınamaq da olmaz. Sosial vəziyyətləri yaxşı deyil. Akyor 400-500 manat maaş alır. O istəyir ki, 2-3 il mükafat da alsın, sosial vəziyyətini düzəltsin. Bu məsələlər teatrda on illərdir davam edən köklü problemlərdir, sovet dönəmindən qalmış bu idarəçilik sistemi davam etdiyi müddətdə də var olacaq. 

- Bəs siz prezident mükafatını işlədiyiniz bir il ərzində kimə verdiniz?
- Bu mükafatı heç almayan iki nəfərə - aktyor Miraslan Ağayevə və aktrisa Aynur Əhmədovaya. Titul verilsəydi, yəni "Əməkdar artist” adı, bu ad ilk olaraq Qızılgül Quliyevə, Allahverən Babayeva, Əbülfəz Axundova, Miraslan Ağayevə düşürdü. Qeyd edim ki, teatrda Əməkdar artist Sucəddin Mirzəyev də var. Bu tip teatr sistemində artıq ona da "Xalq artisti” adı verilməlidir. Sözsüz ki, özüm bu titulların əleyhinə olan birisiyəm. Amma, nə etmək olar ki, teatrlarda sistem bu cür işləyir. Aktyor yüksək maaş alsa, bu adlar və mükafatlar onlara lazım da olmaz. 

- Teatr haqqında sonda nə demək istərdiniz?
- Sonda Lənkəran Dövlət Dram Teatrına uğurlar arzulayıram. Gördüyüm çox işlər barəsində hələ danışmadım, əsas məsələləri vurğuladım. Bir-iki şeyi xatırladım, onları demək istəyirəm.

- Buyurun...
- Deməli, teatra M.Ə.Rəsulzadə küçəsi ilə gələn səkiyə döşənmiş "metlaxlar” dağılmışdı, o səki ilə getmək mümkün deyildi, insanların ayaqları ilişirdi, büdrəyirdi. Direktor müavini olarkən, direktora hər ay 17 dəfə dedim ki, iki kisə sment alaq və oranı təsərrüfat müdirinə düzəltdirək (mən ona başqa işlər barəsində də 67 dəfə demişdim). Hər dəfə söz verib eləmirdi. Direktor vəzifəsini icra edən kimi, iki kisə sment alıb oranı düzəltdim, teatrın işçiləri və şəhər sakinləri oranı çox rahat keçməyə başladılar. Bu mənə zövq verirdi. Teatrın kolidorlarında və otaqlarında çürümüş döşəmə hissələrini təmir etdirib insanların ayaqlarını burxulmaqdan xilas edirdim. Zalda oturacaqların sırasını və nömrələrini belə bərpa edirdim. İllərdir kiçik zalın işləyən kondisonerinin üzərinə bilərəkdən xarab adını qoyduran keçmiş direktorun xarakteri mənim üçün bir film obrazıdır. Həmin kondisoneri işə saldıqdan sonra, aktyorların qışda isti, yayada sərin zalda məşq etmə dövrü başladı. Onu da deyim ki, bütün bunları təkcə oradakı işçilərə görə yox, həm də vəzifə borcuma görə edirdim. Bir il bir ay ərzində ancaq öz bacarığımı ortaya qoydum, kiminsə dediyi ilə oturub durmadım, mənim üçün ağsaqqal anlayışı yoxdur, insan anlayışı var. Bir sözlə, Lənkəran Dövlət Dram Teatrı bir "bataqlıq” idi, onu bir il bir ay ərzində ancaq "əkin sahəsi”nə çevirməyə gücüm çatdı. İnanıram ki, bundan sonrakı direktor o "sahə”də gül-çiçək əkə biləcək. 

- Son olaraq, 2 avqust Kino Günü üçün nə deyə bilərsiniz?
- Bu, Azərbaycan kinosunun doğum günüdür. Sadə bir misal deyim, bizlər fərdlər olaraq öz doğum günümüzdə son bir ildə keçdiyimiz yola və gördüyümüz işlərə əsasən qeyd edirik. Son illərdə kino sahəsində baş verən neqativ proseslərə görə kinomuzun doğum gününü qeyd etmək ağrılıdr. Sanki kinomuz bizə deyir ki, hansı günümə mənə ad günü keçirirsiniz?!
Hamıya öz işində uğurlar!
Ümidimiz ölməyib, əsas budur.  

Günel
Aqrument.az