İqbal Ağazadə: "Sevginin nə yaşı, nə başı olur, sevginin ruhu olur"

İqbal Ağazadə:

24-09-2024 01:11 / Bu xəbər 1124 dəfə oxundu

"Mənim də ruhumu məmnun etdiyim zamanlar olub”

Şair, jurnalist Xəyalə Sevil Ümid Partiyasının sədri İqbal Ağazadə ilə siyasət, incəsənət, poeziya və digər mövzularda söhbətləşib. 

"Arqument.az" "zerifkolgeler.com"a istinadən həmin müsahibəni təqdim edir: 

– Siyasət və incəsənət, yəni güc-ağıl və ruh-ürək! Bu təzadı birləşdirmək çətin deyil? Çünki, bəlkə də, az görünən tərəfinizdə şeirə, sənətə bağlı bir ruh adamı var.

– Əslində, güc-ağıl və ruh-ürək bir yerdə olmayanda zorakılıq yaranır. Eyni yerdə olanda mərhəmət olur, ədalət olur. Bəzən niyə avtoritarizm, diktatura tuğyan edir, baş alıb gedir? Çünki orada ruh, sevgi olmur, güc və ağıl olur: hakimiyyəti qorumaq, şəxsi mənafelərini hər şeydən üstün tutmaq. Amma ruh və sevginin olduğu yer artıq mərhəmətin və ədalətin mütləq təcəlli etdiyi yer olur. Ona görə də mən hesab edirəm ki, hər bir insan içində güc və ağılla yanaşı ruh və sevgini də birləşdirməlidir, özəlliklə siyasətçilər. Siyasətçilər bir yerə çatmağı qarşılarına məqsəd qoyurlarsa, bu mütləq və mütləq bir yerdə görəvə, vəzifəyə, hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəldinsə, sən babasan artıq – xalqın, dövlətin, millətin, vətəndaşların. Hər bir fərdlə, səni sevməyindən, sevməməyindən, sənə münasibətindən asılı olmayaraq, baba kimi davranmalısan. Hansı baba, ata görmüsünüz ki, ağılsız və ya cinayətkar övladını atsın və yaxud da onun arxasınca getməsin? Siyasətdə sevgi və mərhəmət olmadıqda, güc və ağıl olduqda babalıq etmək olmur. Ona görə də, güman edirəm ki, onların bir-biri ilə ziddiyyət təşkil etməsindən çox vəhdətdə olması insanı bir siyasətçi kimi kamilləşdirir, bütövləşdirir. Bunlar bir-birindən ayrı deyil. Şeir, sənət də bizim həyatımızın bir parçasıdır. Biz də insanların hamısı kimi emosiyalarımız, hisslərimiz, duyğularımız olan adamlarıq. Bir yerdə atayıq, bir yerdə qardaşıq, bir yerdə sevgiliyik, bir yerdə dostuq, bir yerdə ərik. Bunlar varsa, orda mütləq ruh olacaq, ürək olacaq...

– Onda ruh adamı olmaq zəiflik deyil?

– Yox. İnsan emosiyası o zaman zəiflik gətirir ki, ağılla emosiyanı bərabər tənzimləyə bilmirsən. Emosiya yüksək olanda zəifliyə, ağıl yüksək olanda qorxaqlığa gətirib çıxarır. Həmişə ehtiyatlı mövqe tutursan. Bunların proporsiyasını düzgün müəyyən etmək lazımdır. Bərabər bölməyi bacarmalısan ki, sən sözün həqiqi mənasında insan olasan. Yoxsa ya robotlaşacaqsan, ya da emosional qaydada, ağıldan kənar, bir az da dəliliyə yaxın bir ömür yaşayacaqsan. Emosiyası olmayan insanları bir anlıq təsəvvür edin. Yəqin ki, ətrafınızda rast gəlmisiniz. Bəzən onları səbrli, dıraq arası müdrik insanlar kimi dəyərləndirirlər. Amma bir zaman keçəndən sonra çox quru, çox cansıxıcı adamlar kimi nöqteyi-nəzəri cəlb edirlər. Emosiyalarını və ağlını yerində və bərabər bölən adamlar cəmiyyət içində də sevilirlər.

– İqbal müəllim, belə deyək, İqbalı Allah yaratdı, bəs İqbal Ağazadəni?

– Məni sevgi yaratdı. Əvvəlcə, kiçik yaşlarımdan doğmalara, vərdişlərə olan sevgi və s. və s. Böyüdükcə kitaba, elmə, yaxınlarına, doğmalarına, vətənə, millətə, insanlığa sevgi. Və beləcə İqbal Ağazadə obrazı yarandı. Sevginin yaratmadığı insanları, hesab edirəm ki, kimsə böyüdə bilməz. İnsanları böyüdən sevgidir. İnsan sevgiylə böyüyür. İnsan nə puluyla, nə vəzifəsiylə, nə mənsəbiylə, nə imanıyla, nə inamıyla böyüyür. İnsan sevgisiylə böyüyür. O sevginin içərisində inam da var, iman da var, insanlığa münasibət də var. Çox şükür edirəm ki, Allah mənim içimə o sevgini salıb. Mən zaman-zaman o sevgiylə böyüdüm. Bəlkə, çevrəmdən gördüyüm və görmədiyim sevgi məni fərqli tərbiyə etdi və bu məni hər şeyin başlanğıcının və sonunun sevgi olduğuna inandırdı. Yaşın bir dönəmində, doğrudan da,  anladım ki, insan sevgisiz olanda sadəcə bir əşya kimi çevrəsindən də istifadə edilir. Bəzən insanlar gileylənir ki, məndən istifadə edirlər və s. O istifadənin içərisində bir şey var: sevgisizlik! Ancaq fərd hiss edəndə ki səni təmənnasiz sevirlər, onda insanın içi rahatlanır, hüzurlu olur, səninlə çox fərqli münasibət qurur.

– Elə insanlar var ki, onları vəzifələrinə görə sevirlər. Elə insanlar da var ki, xarakterlərinə görə…

– Xarakter dəyişkəndir, vəzifə isə məsuliyyətdir. Vəzifənin məsuliyyəti daha ağırdır. İnsanların üzərinə xüsusi missiyalar qoyur və o missiyalar yerinə yetirilməyəndə daha pis adam olursan. Missiyanı yerinə yetirirsənsə, demək, artıq sevgi var və sən insanların içində sevilirsən. Ona görə də deyirəm ki, məni o sevgi İqbal Ağazadə elədi.

– "Xarakter dəyişkəndir" deyirsiniz… 

– Xarakterlər necə formalaşır? İnsanın gündəlik hərəkətləri vərdişlərə, vərdişləri adətlərə, adətləri xarakterlərə çevrilir. Biz nəyi çox ediriksə, o, bizim xarakterimiz olur. Daha çox sevgi verəcəksənsə, sənin xarakterin sevgi xarakterli olacaq. Daha çox kin, nifrət edəcəksənsə, xarakterin pis olacaq. Yaxşı insan olmağın düsturu çox sadədir:
1. Sənə edilən bütün pislikləri unut. Özün etdiyin pisliyi isə heç vaxt unutma. Sənə edilən pisliyi unudacaqsan ki… İnsanın bir kasası, qabı var. O qabın içinə nifrət, kin doldurmayacaqsan. Özün etdiyin pisliyi heç vaxt unutmayacaqsan ki, onu bir də təkrar etməyəsən. 
2. Etdiyin yaxşılıqları dərhal unudacaqsan, amma sənə edilən yaxşılığı unutmayacaqsan. Sənə edilən yaxşılığı unutmasan, hər zaman yaxşılıq etmək kimi bir missiyanın üzərində hakim olduğunu biləcəksən və başqalarına etməli olduğun vəzifə kimi, borc kimi daim üzərində daşıyacaqsan. Yaxşı insan olmaq üçün insanlar bu sadə düsturdan istifadə edib özlərini bir az da tərbiyə etməlidirlər.

– Nə qədər çox yaşayası olsaq da, nə vaxtsa nə isə mütləq yarım qalacaq. Sizcə, o hansı duyğudur ki, onu tamamlamadan dünya dəyişmək yaşamamağa bərabərdir?

– Çətindi. Hər kəsin öz arzusu var. Nə zamansa demişdilər:
Nə yaxşı ki, imkanların azdı, az,
İmkanların çox olsa,
Arzuların heç olmaz...

İnsan arzularıyla böyüyür, yaşayır. Arzu, istək, xəyal tükənəndə insan tükənir, bitir, yox olur. Ona görə də hər şey bitti, yerinə yetirdim kimi bir missiya yoxdu. İnsanın hər günündə, hər saatında, hər dəqiqəsində və bəlkə də hər saniyəsində bir arzu, bir missiya başlayır və o missiya hər zaman yarımçıq qalır. Çünki heç kim ölümə inanmır. Heç kim ölümün yaxın olduğunu bilmir. Ona görə də nələri etdik, nələri edəcəyik, hansı missiyanı etdik, hansı yarımçıq qaldı kimi bir düşüncə yoxdu. Biz həmişə yarımçıq qalacıyıq. Hətta sevgilərimiz belə yarımçıqdır. Çünki evdən çıxanda - Oşonundu səhv etmirəmsə bu söz - hər dəfə doğmalarını görəndə son dəfə görürmüşsən kimi bax. Çünki bir də görməyə bilərsən. Biz, əslində, bütün sevgilərimizin hamısını verə bilmirik ki. Bəzən söz acız qalır o sevgini ifadə etməyə. İnsanın missiyası bitəndə, hər şeyi etdim deyəndə o, yox olur, ölür. Yəni insan ömrü o qədər də uzun deyil. İlk 20 il uşaqlıq və axtarış dövrüdür. 20-dən 40-a qədər həyat və həyatdakı yerin uğrunda çapalayırsan, mübarizə aparırsan. 40-dan sonra - düzdür, indiki cəmiyyətdə insanlarımız 40-dan sonra da çapalayıralar - amma normal qaydada 40-dan sonra bir az oturuşmuş, oğul, uşaq, ailə… Sonra da qüruba doğru gedirsən. Heç kim qəbirstanlıqdan başqa heç bir yerdə ölümü xatırlamır. Kimisə yola salanda bu yol bizimçün də var deyə bir anlıq da olsa düşünürsən. Ancaq çox qəribədir ki, oradan çıxan kimi də unudursan. Hamı unudur. Ölümsüz dünya kimi yaşayır. Mən, məsələn, ölümü hər zaman düşünən adamam. Bu gün varam, sabah olmayacağımın da nədənləri var. Hər şey ola bilər. Ona görə də çalışıram ki, etdiklərimin içərisində məni sevənlər, mənim sevdiklərim olsunlar. Düzdür, hamını mənmun etmək çətindi. Amma ən azı məmnunluğun da bir dərəcəsi var.

– Getdiyiniz yerdə ürəyiniz qalırsa, ürəyinizlə necə davranırsınız?

– Kitabda, bir romanda idi, deyəsən, Əzizə Əhmədovanın romanıydı. Bir müğənnini sevir. Ad gününə çağırırlar, orada vurulur o müğənniyə. Hamı ad günündən dağılışandan sonra o, qayıdır, deyir, deyəsən, bir şey unutmuşam. Deyirlər, nə unutmusan? Deyir, ürəyimi. Hər bir insan hardasa ürəyini unudur. Qayıtmağa cəsarəti var, yox, o artıq fərdi məsələdir. Kimsə qayıdır, kimsə qayıtmır.

– Ürəyinizi ağlınız idarə edir?

– Belə deyək də, ruhun ağlı idarə etdiyi bütün dönəmlər ola bilməz. Oldusa, insan mükəmməl insan deyil. Ruhun ağlı idarə etdiyi vaxtlar var və o vaxtlar insan daha çox məmnun olur. Çünki insanın bütün emosiyasını, bütün əhvalını, vəziyyətini formalaşdıran təkcə ağıl deyil, həm də ruhdur. İnsan ruhunu da məmnun etməlidir. Mənim də ruhumu məmnun etdiyim zamanlar olub və onda çox xoşbəxt olmuşam.

– Sevginin yaşla bağlılığı varmı? Müxtəlif yaşlarda müxtəlif cürmü sevmək olur? Məsələn 20 yaşın sevgisi, 40 yaşın sevgisi…

– Sevginin ağlı olmur ki, ağlı olanda plan olur.

– Və yaxud da müəyyən yaşdan sonra insan özünü çərçivəyə sala bilir?

– İnsan özünü hər yaşda çərçivəyə sala bilir. Hətta cavan yaşlarında da. Sevməyin yaşı yoxdur. Emosiyalarla bağlıdır. Baxın, bir də görürsən, 25 yaşlı bir gənc fiziki nöqteyi-nəzərdən ruhu qocalmış, yatmış birisidir. Sanki 70 yaşında bir adamdır. İnsanları sevdirən ruh halının yaxınlığıdır. Bəzən insanlar anlamır. Deyir ki, 70 yaşında, filan yaşında sevir. Demək ki, ruhu sevə bilib, ruhu gəncdir. Hə, fiziki imkanlarda bu və ya digər məhdudiyyətlər ola bilər, bu, Allahın işidir. Amma sevginin nə yaşı, nə başı olur. Sevginin ruhu olur. Yaşı, başı olanda o artıq plandır, məqsəddir...

– Sevincinizi, dərdinizi bölüşən birisiniz?

– Yox, o qədər də yox. Sevincimi bölüşürəm, hərə ondan bir pay götürsün. Dərdimi bölüşməyi sevmirəm. İnsanları yükləməyi sevmirəm. İnsanları dinləməyi sevirəm. Düzdür, hərdən mənim də içimi tökdüyüm, bölüşdüyüm adamlar və ya adam olur. Bəlkə, tam da deyil, amma əsasən olur. Çünki onsuz insan üçün çox çətin olur. Amma bütövlükdə xarakter olaraq insanları yükləməyi sevmirəm. Problem olanda da insanların qarşısına gülümsəyərək çıxıram. Çalışıram ki, məni sevənlər o problemlərin içində əzilməsinlər. Bəlkə, təvazökarlıqdan uzaq çıxar, amma mənim problemlərim də o qədər böyük olur ki, ətrafımda olan insanlar onu qaldıra bilməzlər, əzilərlər. Niyə əzməliyəm ki? Amma hər kəsi dinləməyi sevirəm. Niyə? Çünki ən azı onların problemlərinin böyük əksəriyyətini həll etmək gücünə malikəm.

– Həyatınızın elə anı olubmu ki, özünüzü qəhrəman kimi hiss edəsiniz?

– Yox. Mən müharibə də görmüşəm, həbsxana da görmüşəm, fərdlər uğrunda dava da etmişəm. Qəhrəmanlıq başqa şeydir. Heç bir qəhrəman özünü qəhrəman kimi görmür. Ətrafındakılar onu qəhrəman kimi görürlər. İnsan özünü qəhrəman kimi görəndə bir az artıq fərqli ağıla malik olur. İnsanları cəmiyyət qiymətləndirir ki, o, qəhrəmandır. Cəmiyyət mənə o sarıdan xeyli məqamlarda qəhrəman kimi qiymət verib, amma mən özümü qəhrəman kimi hiss etməmişəm.

– Bir müsahibənizdə "xatirələri sevmirəm” deyirsiniz, həm də yaşanmamış günlərinizə qayıtmaq istədiyinizi bildirirsiniz. Yaşanmamış günlər də bir xatirədir! Ümumiyyətlə, keçmişə boylanmağı heç sevmirsiniz?

– Cənabı Allah bizi xəlq eləyəndə - görürsünüz, boynumuz 360 dərəcə geriyə dönmür, yarımçıq dönür, qayıdır - gözlərimizin ikisini də önə qoyub. Əgər geridə bir şey bizi gözləmiş olsaydı, gözümüzün birini arxaya qoyardı. Deyərdi, bir az da arxaya baxın. Demək, o da bir mesajdır ki, geriyə baxmayın. Xatirələrin pisi də, yaxşısı da acıdır. Yaxşısını xatırlayıb deyirsən ki, heyif keçdi, pisini də xatırlayıb deyirsən, heyif oldu. Bütün hallarda xatirələr acıdır. Mən çalışıram ki, həyatımda olanlar xatirəyə dönməsinlər, Allahın verdiyi ömür qədər həyatımda olsunlar. Yaşanmamış günlər isə - bu ifadə bir az fərqlidi - keçən ömrümdə etmədiklərim. Musa Yaqub demişkən: "Eləmədiklərim yandırır məni".

– "Sevgi vurulmaqla doğmalığın arasındakı bir mərhələdir” deyirsiniz. Bəs vurulmaqsız, sevgisiz, sadəcə, illərin yaratdığı doğmalıq? Bunu da sevginin bir hissəsi adlandırmaq olarmı?

– O da sevginin bir formasıdır. Bütün sevgilər vurulmaqdan, sevgidən keçmir ki. Vərdişlərdən də keçir, öyrəşməkdən də keçir. Amma mən öyrəşməyi sevmirəm. Mənim təbirimcə öyrəşmək tərgitmək deməkdir.

– Öyrəşməkdən qorxursunuz, ya necə?

– Yox. Əgər bir şeyə öyrəşmək varsa, onu tərgitmək də var. Əgər öyrəşmisənsə, orada sevgi yoxdusa, demək, bir gün tərgidə də bilərsən.

– Elə ailələr var ki, illərdi bir yerdə yaşayırlar, amma aralarındakı bağ sadəcə doğmalıq bağıdır, boşluqlar var.

– Əgər boşluq varsa, o boşluq nə vaxtsa dolacaq, sevgisi qabağına çıxacaq. Etiraf edəcəkmi, etməyəcəkmi, yaşayacaqmı, yaşamayacaqmı bu məsələnin ayrı tərəfidir. Amma mütləq kimsə çıxacaq qarşısına. Kimsə onun ruhunu oğurlayacaq. Çünki insan bir ömür boyu o boşluğun içərisində qala bilməz.

– Gözdən uzaq olan könüldən də uzaq olar, deyiblər. Daim göz önündə olmaqdımı sevgi? Ümumiyyətlə sevgi necə yaranır?

– Sevgi ruh bağlılığıdır. Görməyə bilərsən, toxunmaya, təmasda olmaya bilərsən, amma sevərsən. Ruha hopmuş, adını bilmədiyimiz, ifadə edə bilmədiyimiz bir şeydi. Gözəlliyi ilə bizi valeh edən adamlar görürük. Hamısını sevmirik ki. Həsrət sevgini gücləndirir. Soluxdurursa, demək, o, sevgi deyilmiş, təmənna var imiş orda. Məsələn, rəhmətlik Nüsrət Kəsəmənli mütləq toxunmalıydı, toxunmasaydı, yaza bilməzdi. Musa Yaqub rəhmətlik mütləq görməliydi, görməsəydi, yaza bilməzdi. Ramiz Rövşən - Allah ömür versin - xəyalıyla yazır. Ona nə görmək, nə toxunmaq vacib deyil. O, xəyalında canlandırır.

– Bu yaxınlarda doğum gününüz oldu. Sizcə, yaş rəqəm, təcrübə, yoxsa ruh halıdır?

– Ruh halıdır yaş. Hansı ruhdasansa, odur. Təbii, yaşın gətirdiyi elementlər var, görkəm var. Amma ruh halını yaş gətirmir, sənin sevgilərin gətirir. Necə sevəcəksənsə, ruh halın da o yaşda olacaq.