İqtisadçı dövlət komitəsini manipulyasiya etməkdə günahlandırdı

İqtisadçı dövlət komitəsini manipulyasiya etməkdə günahlandırdı

05-12-2019 17:22 / Bu xəbər 919 dəfə oxundu

"Pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır”. 

İqtisadçı Qubad İbadoğlu belə deyir. 

Ekspert hesab edir ki, Azərbaycanda 2020-ci il üçün gizli inflyasiya 10 faizin üzərində olacaq.

Qubad İbadoğlunun sözlərinə görə, belə mütənasiblik dünya iqtisadiyyatında hələ qeydə alınmayıb, Azərbaycan daha bir"ilk"ə imza atıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-ə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz olub, həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 % artıb.

Noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. 

İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat, yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat, yaxud 18,8 faiz olub.

2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib.

İqtisadçı deyir ki, iqtisadi qanunauyğunluğa görə pul bazasının artımı Ümumi Daxili Məhsulun (ÜMD) artımından çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir: 

"Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımından 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər. 

Hesab edirəm ki, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricisidir. Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır, xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində, pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndirdiyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz ki, Azərbaycanda bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir”.

"Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq”, - Qubad İbadoğlu deyib.///toplum.tv