İqtisadçı: Hökumət aztəminatlı ailələrin hesabına budcəyə ''qənaət edib''

İqtisadçı: Hökumət aztəminatlı ailələrin hesabına budcəyə ''qənaət edib''

07-05-2019 11:48 / Bu xəbər 1057 dəfə oxundu

"Sosial müdafiəyə və sosial təminata daha çox ehtiyacı olan insanlara hökumətin bu cür münasibət göstərməsi yolverilməzdir''

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin hesabatını açıqlayıb.

Sənəddə deyilir ki, 2018-ci il dekabrın 1-dək olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub. Onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri- dövlət sektorunda fəaliyyət göstərib:

"Muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar".

Hesabatda bildirilir ki, 2019-cu il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında ölkə üzrə qeydiyyatda olan işaxtaranların sayı 196502 nəfər olub:

"Onların 32 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 326,70 manat olub".

Sənəddə deyilir ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub:

"İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub".

Nazirliyin hesabatında bildirilir ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə AR ƏƏSMN-də İşçi qrup yaradılıb. İşçi qrup tərəfindən aparılan təhlillərin nəticəsi olaraq, "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi yolu ilə sosial cəhətdən həssas ailə üzvləri olan ailələr üçün ünvanlı sosial yardımların əlçatan olması, tərkibində əmək qabiliyyətli, işləməyə hazır üzvləri olan ailələrin dövlətin dəstəyi ilə özünüməşğulluğa cəlb edilməsi, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə üstünlük verilməsi prinsipi irəli çəkilib, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin özünüməşğulluğa cəlb edilməsi üçün hüquqi əsas yaradılıb:

"İşçi qrupun təklifləri əsasında ünvanlı dövlət sosial yardımının avtomatlaşdırılmış qaydada elektron informasiya sistemi vasitəsilə təyin edilməsi zamanı torpaq payından əldə olunan gəlirlərinin nəzərə alınmasında yaranan problemlərin (vətəndaşlara imtinaların) aradan qaldırılması məqsədilə zəruri hesab edilən məlumatların elektron informasiya bazalarına inteqrasiya edilərək alınması işləri aparılır. O cümlədən, kredit məbləğinə görə ünvanlı dövlət sosial yardımı ala bilməyən çətin həyat şəraitində yaşayan ailənin sosial müdafiəsi təmin etmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə layihə hazırlanır".

İqtisadçı Nemət Əliyev deyir ki, 467 min nəfər üzvü olan 117 min aztəminatlı ailə Ünvanlı Dövlət Sosial Yardımı almaqdan məhrum edilib. Ünvanlı yardım alanların siyahısını ucdantutma doğrayıb töküblər:

"2018-ci ilin sonuna olan vəziyyətə görə dövlət büdcəsinin vəsaitləri hesabına Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 42,7 minə (ailə üzvlərinin sayı ≈171 min⁡ nəfərə) düşüb. Bu haqada məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Nazirliyin yaydığı başqa bir məlumata görə ünvanlı yardım alan aztəminatlı ailələrin sayı 2017-ci ilin sonuna olan vəziyyətə görə 80 min (320 min nəfər ailə üzvü), 2016-cı ilin sonuna olan vəziyyət görə isə 159,5 min (638 min nəfər ailə üzvü) olub".

N. Əliyev deyir ki, beləliklə, son 1 ildə 149 min nəfərin (37 min ailənin), son 2 ildə isə 467 min nəfərin (117 min ailənin) yardımı kəsilib:

"Aztəminatlı ailələrin sosial yardımlardan məhrum edilməsi hesabına hökumət son 1 ildə 102 milyon manat (49%) büdcə vəsaitinə "qənaət edib”. Yəqin, bunu da islahatlar siyahısına aid ediblər".

Nemət Əliyev
Mənbə: google.az

İqtisadçı deyir ki, doğrudur, yardım almaqdan məhrum edilənlərin sırasında bir sıra təsadüfi, fürsətçil insanlar da var. Ancaq tam əksəriyyətinin bu gün də aztəminatlı səviyyədə qalmalarına, ehtiyac içərisində yaşamalarına heç bir şübhə yoxdur:

"Ötən dövrdə bahalaşma fonunda alıcılıq qabiliyyətinin zəifləməsi, ölkə iqtisadiyyatına sərmayələrin azalması, yerli istehsalın düşməsi, əhali gəlirlərinin azalması və sair kimi hallar belə qənaətə gəlməyə əsaslar verir. İqtisadi göstəricilərin pisləşdiyi bir şəraitdə yarım milyona yaxın aztəminatlı insanın sosial-maliyyə vəziyyətinin yaxşılaşmasına iddia eləmək, həqiqətən də, çox gülünc olardı. Mayın 2-də ölkənin I vitse-prezidentinin qəbuluna gələn şikayətçilərin sayının həddən ziyadə çox olması və onların kameralar qarşısında çəkinmədən cəsarətli çıxışlar edərək öz problemlərini dilə gətirmələri də dürüst nəticələr çıxarılması baxımından ibrətamiz sayıla bilər".

Nemət Əliyev deyir ki, sosial müdafiəyə və sosial təminata daha çox ehtiyacı olan insanlara hökumətin bu cür münasibət göstərməsi yolverilməzdir:

"Pensiya yaş həddinin artırılması hesabına yalnız 2018-ci il ərzində 21 min insanın pensiya təminatından məhrum edilməsini və bu ilin əvvəlindən başlayaraq muzdla çalışan işçilərin sıra sayının azalmasını da buraya əlavə etsək, sosial vəziyyəti ağırlaşmış insan ordusunun belə sürətlə böyüməsi ümidverici perspektiv vəd eləmir".///Meydan.tv