İqtisadçı: "Aqrar sektorun məhsulları bahalaşacaq"

İqtisadçı:

17-03-2021 15:10 / Bu xəbər 1710 dəfə oxundu

"Dizelin bahalaşması məhsulların maya dəyərinə təsir edəcək"

"Deputatlar çox düzgün olaraq qiymətlərin bahalaşması məsələsini qaldırıb. Azərbaycan hökuməti bu məsələni diqqətdə saxlayır və bununla məşğul olacaq”.

Milli Məclisin sonuncu iclasında Baş nazir Əli Əsədov belə deyib.

O bildirib ki, bir çox hallarda ondan asılı olmayan məsələlər olur. Ancaq bu məsələlərlə bağlı tədbirlər görüləcək: "Bəzən qiymət artımını yanacağın qiymətinin artması ilə də bağlayırlar. Təbii ki, bunun da təsiri var”, - Baş nazir vurğulayıb.

Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsiz zamanı deputat Vahid Əhmədov Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir demişdi.

Bildirmişdi ki, ölkədə ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır: "Ötən il Trans-Adriatik boru kəmərinin (TAP) layihəsinin istismara başlaması mühüm hadisə olsa da, pandemiyanın hökm sürməsi səbəbilə Azərbaycanda ÜDM 4,3 faiz azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib. Bununla bərabər, bu sözləri 2021-ci ilin ilk 3 ayı üçün demək qeyri-mümkündür Görülən çox mühüm işlərə baxmayaq, bahalaşmanın qarşısı alınmır”.

Vahid Əhmədov bildirmişdi ki, bu qiymət artımı obyektiv yox, subyektivdir. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır: "Yoxsa qiymət artımı çox ciddi problemlər yarada bilər”.

İqtisadçı Natiq Cəfərli Baş nazirin açıqlanmasından təəccüblənir: "Onun deməyindən belə çıxır ki, yanacağın qiymətinin hökumətin atırdığından bixəbərdir. Gecə vaxtı benzinin qiymətinin qaldırılması üçün Tarif Şurası üzvlərinə kim təsir edib bəs? Bir gecənin içində dizel yanacağının qiyməti birdən-birə 34 faiz bahalaşdı”.

Natiq Cəfərli bildirir ki, qiymət artımı zamanı dəfələrlə açıqlama verib.

Bildirib ki, dizelin qiymətinin kəskin artması bahalaşmanı sürətləndirəcək: "Hökumət üzvləri, onlardan bəslənən AzTV "ekspertləri" israr edirdilər ki, inflyasiyaya çox cüzi təsiri olacaq. İndi isə Baş nazir deyir ki, deyəsən, təsiri olub axı”.

İqtisadçı deyir ki, dizelin qiymət artımı hələ ki aqrar sektor məhsullarına tam təsir etməyib. İndi əkin vaxtıdır, bir azdan ilk məhsulun yığılması, daşınması zamanı dizelin bahalaşması məhsulların maya dəyərinə təsir edəcək: "Bu il yazda ilk, yayda-payızda aqrar sektorun məhsulları keçən ilə nisbətən daha baha olacaq”.

Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Tarif Şurasının 4 yanvar gecə yarısı verilmiş qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Qurum qiymət artımını 2022-ci ildə Azərbaycanda istifadəyə veriləcək yeni zavodda yüksək keyfiyyətli yanacaq istehsal ediləcəyi ilə əsaslandırıb.///meydan.tv