İqtisadçı: "Bahalaşma əhalinin var-yoxdan çıxarılmasına xidmət edib"

İqtisadçı:

22-07-2021 17:23 / Bu xəbər 3531 dəfə oxundu

"Yola salınan 2020-ci ildə də işsizliyin səviyyəsi artıb"

Bu il iyunun 1-nə olan vəziyyətə görə, ölkədə iqtisadi fəal əhali 62,1 min, məşğul əhali isə 6,9 min nəfər artıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

İqtisadçı Nemət Əliyev bildirir ki, rəqəmlər son 5 ay ərzində Azərbaycanda işsizlərin sayının artdığını göstərir.

İşsiz qalanların sayı isə 55,2 min nəfərə çatıb. Bu da 18 faizlik bir artım deməkdir: "Komitə deyir ki, ölkədə iqtisadi fəal əhali 62,1 min, məşğul əhali isə 6,9 min nəfər artıb. Yəni bu ilin 5 ayında iqtisadi fəal əhalinin sıralarına qoşulan əlavə 62,1 min nəfər işçi qüvvəsinin vur-tut 6,9 min nəfərini məşğulluq işlərinə cəlb etmək mümkün olub. Qalan 55,2 min nəfərin hamısı da (62,1-6,9=55,2) bir nəfər kimi işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıb”.

İqtisadçı bildirib ki, bu hal rəsmi işsizlik səviyyəsinin 18 faizdən çox artıması deməkdir. Reallıqda isə bu göstərici daha yüksəkdir: "Çünki 5 aya iş yerlərini itirən 55,2 min nəfər deyil, 55,2 min ailədir. Tendensiya qalıcı olarsa, işsizlərin sıralarına əlavə qoşulanların sayı cari ilin sonunadək 132 min nəfəri üstələyəcək”.

Nemət Əliyev əlavə edir ki, yola salınan 2020-ci ildə də işsizliyin səviyyəsi artıb: "Nə az, nə çox düz 49,4 faiz. Ötən il 49,4, bu il isə əlavə 18 faiz artım olub. Birmənalı şəkildə rəzalətdir. Ona görə ki ötən illə müqayisədə bu il ölkənin maliyyə imkanları yüksək bahalaşma hesabına xeyli dərəcədə yaxşılaşıb. Bu ilin yanvar-may dövründə xaricə ixrac etdiyimiz mallar ötən ilə nəzərən 44 faiz bahasına satılıb. Ölkədaxilində isə enerji daşıyıcılarından tutmuş ərzağa, pal-paltara, dava-dərmanlara qədər hər şey təsirli dərəcədə bahalaşıb”.

Nemət Əliyev
Mənbə: Meydan TV

İqtisadçı deyir ki, yüksək bahalaşma bir yandan əhalinin var-yoxdan çıxarılmasına xidmət etsə də, o biri yandan dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən sahibkarların gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına, elə həm də dövlət gəlirlərinin artmasına şərait yaradıb: "Dövlət Gömrük Komitəsinin "qaz vurub qazan doldurması”nı yaddan çıxarmaq olmaz. Karantin şərtlərinin yumşaldılması da öz yerində. Erməni əsarətindən azad olunmuş ərazilər hesabına kənd təsərrüfatına yararlı torpaq sahələri isə potensial imkanlarımızı başqa cür genişləndirib. Bütün bu saydığımız və saymadığımız əlavə iqtisadi imkanlar iş yerlərinin qapadılmasını deyil, yeni iş yerlərinin yaradılmasını təşviq etməli, on minlərlə işçi qüvvəsinin bayıra atılmasına deyil, yeni iş yerlərinə yönəldilməsinə xidmət etməliydi. Lakin belə məlum olur ki, əlavə imkanlar tərsinə yönəldilib, əksinə istifadə olunub”.

İqtisadçının fikrincə, ümumi idarəçilik məqsədyönlü şəkildə iqtisadi sabotaja xidmət edib: "Bu şərtlər altında davamiyyətin heç bir perspektivi yoxdur və ola da bilməz. Həm iqtisadi, həm də sosial siyasət sahəsində yaşanan bu ardı-arası kəsilməyən biabırçılıqlar ciddi mesaj kimi qəbul olunmalıdır”.

Rəsmi məlumatlara görə, Azərbaycanda 2020-ci il iyunun 1-də iqtisadi fəal əhalinin sayı 5206,7 min nəfər olub. Bu ilin eyni dövründə isə 5268,8 min nəfərə çatıb.

2020-ci il iyunun 1-də məşğul əhali sayı 4901,3 min nəfər, bu il iyunun 1-də isə 4908,2 min nəfər olub.

Rəsmi rəqəmlər və dövlət məmurları açıqlamalarında daim Azərbaycanda işsizlərin sayının aşağı olduğunu söyləyirlər.

Məsələn, ötən illərdə 5, pandemiyadan sonra isə 7 faiz olduğu açıqlanmışdı. Ancaq müstəqil ekspertlər, iqtisadçılar bu rəqəmlərə şübhə ilə yanaşır, əsl statistikanın gizlədildiyini söyləyirlər. Əslində Azərbaycanda işsizliyin səviyyəsinin göstərilən rəqəmlərdən çox daha yüksək olduğunu bildirirlər.///Meydan TV