İqtisadçı bələdiyyə rəsmisini tənqid, bələdiyyələrlə bağlı təklif etdi
29-08-2024 22:47 / Bu xəbər 1083 dəfə oxundu
"Vətəndaşların bələdiyyələrə etimadı yoxdur"
REAL Partiyasının idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Bələdiyyələrin onlayn xidmət mərkəzinin direktoru Adil Əhmədovun mediada yayılan fikirlərinə münasibət bildirib.
Bu barədə Natiq Cəfərli "feysbuk" hesabında yazıb.
Bələdiyyələrin onlayn xidmət mərkəzinin direktoru Adil Əhmədov deyib ki, vətəndaşlar qanunvericiliyə uyğun olaraq onlara verilən bildirişlə vergi borclarını ödəməlidirlər: "Vergi qanunvericiliyinə əsasən, vətəndaş (bələdiyyələr tərəfindən) ona bildirişdə göstərilən vergi borcunu ödəmələdir. Vətəndaş vergi borcunu ödəmədikdə bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək, ödəməynlərdən məhkəmə qaydasında tələb ediləcək”.
Natiq Cəfərli hesab edir ki, vətəndaşlarda bələdiyyələrə etimad çox aşağı səviyyədədir: "Azərbaycanda bələdiyyələr "ölü doğuldu”, səlahiyyət və məsuliyyət yüklənmədi, icra hakimiyyətinin qulluğuna verildi, ona görə də bələdiyyənin imici "torpaq satan” qurum kimi formalaşdı. İndi də bələdiyyə rəsmisi deyir ki, vətəndaş bələdiyyələr tərəfindən ona verilən bildirişə görə vergi ödəməlidir, ödəməsə, cərimələnəcək. Anlamır ki, bələdiyyələr vətəndaşdan yazdığı kağız parçasına, bildirişə görə deyil, göstərdiyi xidmətə görə vergi toplamalıdır. Siz əvvəl xidmət göstərin, sonra vergi tələb edin. Bu işin fəlsəfəsi budur".
"İcra hakimiyyətləri ləğv edilməli, bələdiyyələrin səlahiyyəti artırılmalıdır"
İqtisadçı deyir ki, təmsil olunduğu REA Partiyası yarandığı gündən ardıcıl, elmi əsaslarla sübut etdiyi sənədlərlə, siyasi bəyanatlarla yerli özünüidarəetmənin gücləndirilməsinə çalışır, icra hakimiyyətinin ləğv edilməsini tələb edir: "Birbaşa seçilən Mer institutunun yaradılmasına çalışır. Bələdiyyələrin səlahiyyəti, məsuliyyəti artırılmalı, Böyük Şəhər Bələdiyyələri yaradılmalı, şəhər-qəsəbə-kənd Bələdiyyə sədrləri birbaşa seçkilər vasitəsi ilə vətəndaşlar tərəfindən seçilməlidirlər. Tarixən belə olub – təyin edilmişlər təyin edənin, seçilmişlər isə vətəndaşın qarşısında məsuliyyətli olurlar".
Onun sözlərinə görə, bundan sonra da REAL Partiyasının parlamentdə görə biləcəyi ilk işlərdən biri də İcra Hakimiyyətinin ləğvi və Bələdiyyə, yerli özünüidarə institutlarının gücləndirilməsi ilə bağlı qanun layihələri ilə çıxış etməsi olacaq.
Şəfəq