İqtisadçı: "Dövlət büdcəsinin gəlirləri niyə azalıb, cənab İlham Əliyev?"

İqtisadçı:

25-07-2021 10:58 / Bu xəbər 5976 dəfə oxundu

"İlham Əliyev Daşkəsəndən mesaj verib ki, iqtisadi tənəzzüldən çıxmışıq. Doğrudanmı çıxmışıq? Tənəzzüldən çıxmışıqsa, adambaşına düşən gəlirlərin nominal səviyyəsi və dövlət büdcəsinin gəlirləri niyə azalıb, cənab İlham Əliyev?"
 
İqtisadçı Nemət Əliyev "Feysbuk" hesabında belə yazıb.
 
Prezident İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfər edib.
 
"AzerGold” QSC-nin "Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olan ölkə başçısı Azərbaycan Televiziyasına müsahibə verib.
 
"Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki iqtisadi tənəzzüldədir", - deyə İlham Əliyev qeyd edib.
 
Nemət Əliyevsə ölkə başçısının fikirləri ilə razılaşmır: "Ölkədə orta aylıq əməkhaqqı göstəricisi pisləşibsə, işsizliyin səviyyəsi də 18 faizdən çox artıbsa, gərək tənəzzüldən çıxmaq haqqında heç danışmayaq. Böhranı durdurmuşuqsa, bəs qeyri neft-qaz sektoruna investisiyaların 11 faizdən çox düşməsinin səbəblərini haralarda axtaraq? Xarici investorların iri maliyyə vəsaitlərini Azərbaycandan yan ötürmələrini hələ də məntiqli, qeyri-məntiqli bəhanələrlə izah etmək mümkün deyil. Baxın, tənəzzül sənayedə və tikintidə meydan sulayır, nəqliyyat sektorunun yaxasını buraxmayıb və ictimai iaşəni hələ də can üstə saxlayır. Real ifadədə xarici ticarət dövriyyəsi 10 faiz azalıb. Daxili məhsul bazarları isə 20 faizdən çox bahalaşıb və ölkədə yaşanan bu yüksək bahalaşma şəraitində insanlar sürətlə var-yoxdan çıxırlar".
 
Onun sözlərinə görə, ölkədə həyat səviyyəsi pisləşib: "Ölkədə həyat səviyyəsi rəsmən 5 faiz, qeyri-rəsmən 17 faiz pisləşib. Tənəzzüldən qurtulan ölkədə həyat səviyyəsi həyatın dibinə doğru yön almamalıdır, ala bilməz, hörmətli İlham Əliyev! Həyat səviyyəsini pisləşdirən inkişaf inkişaf deyil və bu sayaq irəliləyiş-tərpəniş heç kimə lazım deyil. Azərbaycan xalqına isə heç lazım deyil".