İqtisadçı: "Ərzaq məhsullarında bu qədər qiymət artımı əsassızdır"

İqtisadçı:

15-02-2021 23:30 / Bu xəbər 1038 dəfə oxundu

"Benzinin və dizelin bahalaşması fonunda ərzaq məhsullarında bu qədər qiymət artımı əsassızdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli deyib. 

O, bunun əsasını hökumətin apardığı iqtisadi siyasətdə gördüyünü vurğulayıb: "Yanacağın qiymətinin artması məhsulun maya dəyərinə bu dərəcədə təsir etmir. Azərbaycanda belə hadisələr hökumətin əli ilə, hökumətin təsir etdiyi tariflər vasitəsi ilə həyata keçirilir və nəticə etibari ilə vətəndaşlar kasıblayır. Bunun əsasını hökumətin apardığı iqtisadi siyasətdə görürəm. Eyni zamanda istehlak mallarının əksəriyyəti xarici ölkələrdə istehsal edilir və Azərbaycana idxal olunur. İdxalda isə Gömrük Komitəsi müxtəlif bəyannamə qiymətləri tətbiq edərək faktiki olaraq xarici ölkədə bahalaşmayan malın qiymətini bizim ölkəyə idxal olunana qədər süni qiymətləndirmə əməliyyatı həyata keçirir”. 

Nazim Bəydəmirli hesab edir ki, süni qiymət artmını həyata keçirən gömrük orqanlarıdır: "Məsələn, yağların əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu səbəbdən onların daşıma xərcləri bir o qədər də arta bilməz. Bu, bir daha sübut edir ki, gömrük siyasəti düzgün qurulmayıb və hökumət bununla bağlı bir addım atmalıdır. Gömrük Komitəsinin qalması doğru deyil. Onun vergilər xidməti ilə birləşdirib vergi-gömrük siyasətinin bir yerdə aparmağa ehtiyac var”.