İqtisadçı: “Ətin qiyməti əhalinin cibinə uyğun deyil”

İqtisadçı: “Ətin qiyməti əhalinin cibinə uyğun deyil”

17-01-2022 14:53 / Bu xəbər 808 dəfə oxundu

Rövşən Ağayev: "Fermerlik icbari əməyi xatırladır”

Quzu ətinin kilosu 13.5-14 manatdan 15-16-ya qalxıb. 11 manata təklif edilən mal ətinin bir kilosu isə 13-14 manata yüksəlib.

Bakı sakini Elnarə Rəhimova bildirib ki, bayram ərəfəsi də ətin kilosunu baha alıb, ancaq satıcılar bunu bayramqabağı tələbatın çox olması ilə əlaqələndiriblər.

"Müvəqqəti olduğunu dedilər. Ancaq hər şeyin qiyməti bahalaşıb, ətin də bahalaşacağı gözlənilən idi. Bu gün məhəllədəki ət dükanından mal ətinin kilosunu 13, quzu ətini isə 16 manatdan aldım”.

Elnarə Rəhimovanın ailəsi 8 nəfərdən ibarətdir. Deyir ki, aya ən azı 6 kilo mal, 4 kilo quzu əti işlədirlər. Artım onlara ayda 20 manatdan baha başa gəlir: "Bura digər məhsulların qiymətinin artımını da gələndə, qiymət kəllə-çarxa çıxır. Evdə cəmi 1 nəfər dövlət işində çalışır. Onun maaşı qalxıb. Qalan hamının maaşı əvvəlki səviyyədədir, qiymətlər isə günü-gündən bahalaşır. Çətindir, getdikcə dolanmaq daha da çətinləşir”.

Satıcılar alanlara ətin qiymətlərinin bahalaşmasını ot və yemin qiymətinin qalxması ilə izah edir.

Sosial şəbəkələrdə toyuq ətinin qiymətində də artım olduğu bildirilir, amma buradakı artım kiloqramda 1 manata çatmır.

"Fermerlərin mənafeyini qoruyan normal asossiasiya və birliklər yoxdur”

İqtisadçı Rövşən Ağayev deyir ki, bu gün özü də əti baha qiymətə alıb.

İqtisadçı bildirib ki, ətin bahalaşması, xüsusilə də bütün istehlak mallarının və xidmətlərin, qeyri-qida məhsullarının qiymətinin qalxdığı bir dövrdə istehlakçıların mənafeyinə, yəni əhalinin cibinə uyğun deyil: "Amma bu məsələdə qeyd ediləsi, üzərindən heç keçilməyəsi çox vacib bir məqam var. Fermerlərin mənafeyini qoruyan normal asossiasiya və birliklər olsaydı, onlar bunu yazıb əsaslandırmalı idilər. Amma heyif ki, yoxdur”.

Rövşən Ağayev
Mənbə: Meydan TV

İqtisadçı qeyd edir ki, ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığı və məsuliyyətini daşıyan fermerlərin qədir-qiyməti dövlət tərəfindən bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə elə deyil: "Söhbət süd, ət, yem paritetinin müntəzəm olaraq hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasından gedir. Beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur. Yəni fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir. Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kolorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir?”

"İnsanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq”

Rövşən Ağayev deyir ki, fermerlərdən və satış şəbəkələrindən topladığı məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kilosu minimum 60 qəpik, xüsusi tərkibli kolorili yemlərin qiyməti 0.8 manatdır:

"Yəni orta hesabla 0.7 manat. Bu, o deməkdir ki, fermer satdığı südün qiymətilə 1.5 kq əvəzinə 0,6 kq yem ala bilir. Eyni paritet ətə münasibədə də var. 1 kq ətin qiyməti 20 kq kolorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər”.

Onun sözlərinə görə, son günlər baş verən bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabər olmalıdır. Yəni optimal hesab olunan həddən xeyli aşağı:

"Ölkədə yem kifayət qədər bahadır. Ətin qiymətini ucuzlaşdırmaqla bərabər, yemin də qiymətini necə ucuz etməyin yolları barədə ciddi düşünmək lazımdır. Əks halda, insanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə, indi alternativ yoxdur, fermerçilik icbari əməyi xatırladır”.

İqtisadçı bildirib ki, gələn məlumatlar hazırda soyanın kəskin bahalanması, xüsusilə də quş istehsalçıları üçün ciddi problemlər yaratdığı yönündədir.

Yeni ildən Azərbaycanda un və un məhsullarının, mal, quzu və toyuq ətinin qiymətində bahalaşmalar müşahidə edilir.