İqtisadçı: "Qəbirdə pensiya alanların sayı həyatdakıları üstələyir"

İqtisadçı:

26-08-2021 23:45 / Bu xəbər 2284 dəfə oxundu

"Son 3 il 6 ayda pensiya alanların sayı 104,3 min nəfər azalıb”

"Qəbirdə pensiya alanların sayı həyatdakıları üstələyir. İşsizlik artıqca ünvanlı sosial yardım alanlar azalır”.

İqtisadçı, Azərbaycan Demokratik Rifah Hərəkatının sədri (ADR) Qubad İbadoğlu belə deyir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) anti-sosial siyasəti nəticəsində 2021-ci ilin 6 ayında ünvanlı sosial yardım alanların sayı azalıb. Azalma ötən illə müqayisədə 22 min nəfərdir.

İqtisadçı deyir ki, əslində bu müddət ərzində yardım alanların sayı azalmaq əvəzinə, artmalı idi, çünki pandemiya dövründə işini itirənlər çox olub: "Ona görə bu proqram genişləndirilməliydi. Son bir ildə pensiya alanların sayında da 43,3 min nəfər azalma var. Hətta son 3 il 6 ayda pensiya alanların sayında 104,3 min nəfər azalma qeydə alınıb. Beləliklə də, 2021-ci il iyulun 1-i vəziyyətinə 1 milyon 214,1 min pensiyaçı Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Müqayisə üçün deyim ki, 2018-ci ilin əvvəlində, ölkədə pensiyaçıların sayı 1 milyon 318,4 min nəfər olub”.

Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycandan əhalisi az olan Belarusda hazırda pensiya alanların sayı 2 milyon 532 min nəfərdir: "MDB Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 127 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfərdir. Azərbaycanda son illər pensiya alanların sayının azalmasına mütənasib olaraq, 130 manat yaşa görə aylıq sosial müavinət (qocalıq müavinəti) alanların sayında artım müşahidə olunur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin iyulun 1-ə yaşa görə aylıq sosial müavinət alanların sayı 109,2 min nəfər (halbuki bu proqram başlayanda onların sayı 16 min nəfər idi) olub ki, onların 12,9 faizini kişilər, 87,1 faizini isə qadınlar təşkil edib. Deməli, pensiya hüququ təmin olmayanların böyük əksəriyyəti qadınlardır, çox güman ki, evdar qadınlardır. Belə olan halda da onları ahıl yaşında gözləyən acınacaqlı durumu indidən təsəvvür etmək çətin deyil”.

İqtisadçı qeyd edib ki, əhalinin sayının artmasına baxmayaraq, pensiyaçıların ümumi sayındakı sürətli azalmanın digər səbəbi pensiya yaşının qaldırılmasıdır: "2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi ildə 6 ay artırılır. Hazırda kişilər 65, qadınlar 62 il 6 aydan sonra pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq”.

2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi. Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi, lakin bu müddət mərhələli şəkildə uzadılır.

Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Hazırda ölkədə minimum pensiya 200, orta aylıq pensiya 361 manatdır.///Meydan TV