İqtisadçı: "Sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək"

İqtisadçı:

19-03-2021 15:03 / Bu xəbər 1970 dəfə oxundu

"Azərişıq”ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur, bəs necə olacaq?”

"Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik Stansiyasından yalnız 6-sı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

Onun sözlərinə görə, sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək: "Martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək”.

İqtisadçı deyir ki, burada açıq qalan bəzi məqamlar var. Onlardan biri də ermənilərin elektrik enerjisinin pulunu necə ödəyəcəkləri ilə bağlıdır:

"Eyni zamanda, daha 2 problem də var: "Azərişıq”ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur, bəs necə olacaq? Orada yaşayan ermənilər də bizim manatı tanımırlar. O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?”

Qubad İbadoğlu bildirib ki, artıq 2 gündür Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçərək, ora Gürcüstan vasitəsilə çatdırılır.

Ermənilər buna görə etiraz edirlər.

Onlar hesab edirlər ki, qazın Azərbaycandan keçməsi Ermənistan üçün risklidir: "Düşünürlər ki, azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki necə deyərlər, "krant” bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki məhəccər bizim əlimizdədir. Amma bunu etməyə cəsarət lazımdır. Axı Xankəndində ruslar və "sülhməramlıları” da məskunlaşıb. Bəri başdan onu da deyim ki, mən Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməsinin tərəfdarıyam”.

Bir müddət öncə "Кавказский Узел” yazırdı ki, Laçın Elektrik Stansiyası yenidən fəaliyyətə başlayıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu, Laçın bölgəsini və ora ən yaxın yaşayış məntəqələrini, eləcə də Stepanakerti (azərbaycanca Xankəndi adlanır) elektrik enerjisi ilə təmin edəcək.

Sayt yazır ki, Dağlıq Qarabağ ərazilərinin bir hissəsi Azərbaycana verildikdən sonra tanınmayan respublika hidroelektrik stansiyalarının böyük bir hissəsini itirdi. Odur ki, hazırda elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi. Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Yanvarın 11-dək Azərbaycan tərəf vətən müharibəsində həlak olan 2841 hərbi qulluqçusunun dəfn edildiyini açıqlayıb. Eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. Ancaq bu günədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama olmayıb.

Azərbaycan tərəf 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakininin öldüyünü, 400-dək insanın yaralandığını, 40 mindən çox insanın köçkün düşdüyünü bildirib.

Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb. Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.

Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.

Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var.

Ancaq müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxminedilir.///meydan.tv