İqtisadçı tənqid etdi: “Hökumətin hədəfi taksi sayının azaldılması olmamalı idi”

İqtisadçı tənqid etdi: “Hökumətin hədəfi taksi sayının azaldılması olmamalı idi”

19-07-2024 14:04 / Bu xəbər 904 dəfə oxundu

"Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir. Bu, əvvəlki zamana baxanda iki dəfəyə qədər azalmış saydır".

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iyulun 19-da mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair brifinqdə belə deyib.

Bildirib ki, taksi sahəsində tənzimləmələr davam etdiriləcək.

İqtisadçı Natiq Cəfərli bildirir ki, hökumətin hədəfi taksi sayının azaldılması olmamalı idi, məqsəd taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına töhfəsi olmalıdır.

"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50 faizə yaxın artdı, keyfiyyət isə aşağı düşdü – əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu, olmamalı idi axı”.

İqtisadçı əlavə edir ki, qadağalar bu fəaliyyəti gizlin edəcək. Məsələn, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək: "Bunu necə tənzimləyəcəklər? Maşında sürücüdən başqa kimsə olsa, onları bir-bir saxlayıb sorğu-suala tutacaqsınız? Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müşrəti maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar "qohum”, tanış olduğunu sübut etsinlər. Siz də bu metoda keçəcəksiniz?! Bakıda 1 milyon avtomobil var, hər gün onları yoxlayacaqsınız?”

Natiq Cəfərli

İqtisadçı əlavə edir ki, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağırdı, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər, indi bu 30-35 min vətəndaş nə edəcək, bilinmir: "Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz siz onları bu addıma məcbur edirsiniz. Yaxşı, tənzimləmələri davam etdirib nəyə nail olacaqsınız? Bunu da açıqlayın, camaat işini bilsin”.

Son bir neçə ildə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib. 

İyulun 1-dən isə Nazirlər Kabinetinin qərarı ilə taksi fəaliyyəti ilə bağlı əlavə tələblər qüvvəyə minib. Həmin tələblərə görə, dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi fəaliyyəti göstərə bilməz. 

Bundan əlavə, sərnişindaşımada istifadə olunan şəhərlərarası avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili olanlar isə qırmızı olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Digər tələblərə əsasən, taksilər ABS əyləc sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Tələblərdən biri də odur ki, avtomobildə bütün salonu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay saxlaya bilən videokameralar olmalıdır.

Taksi avtomobilləri ən azı "Avro-5” ekoloji standartına uyğun olmalıdır.

Bütün bu tələblərdən sonra ölkə ərazisində həm taksi fəaliyyətinin qiyməti qalxıb, həm də bu işi görənlərin sayı azalıb.

Hətta Azərbaycanda bir müddət öncə izinsiz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı inzibati tənbeh tədbirləri həyata keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.