İqtisadçılar Fərid Mehralızadənin ev dustaqlığına buraxılmasına çağırıblar
24-06-2024 15:48 / Bu xəbər 680 dəfə oxundu
Bir qrup iqtisadçı dövlət qurumlarına müraciət edərək iqtisadi ekspert Fərid Mehralızadənin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
"Fərid Mehralızadəyə qarşı irəli sürülmüş ittihamların obyektiv araşdırılmasını və istintaq müddətində onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məqsədəuyğun hesab edirik”, - müraciətdə deyilir.
Sənədi imzalayan iqtisadçılar müvafiq dövlət qurumlarından xahiş edirlər ki, gənc iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılması üçün mümkün olan bütün hüquqi vasitələr nəzərdən keçirilsin.
"Fərid Mehralızadə Azərbaycanın peşəkar gənc nəsil iqtisadçılarının önündə gedənlərdən biridir. Biz onun gələcəkdə aparıcı alimlərimizdən olacağına inanırıq. Onun iqtisadi, sosial, ali təhsil və digər mövzularda davamlı olaraq etdiyi təhlillər belə düşünməyə əsas verir. Bu araşdırmalar ölkəmizdəki iqtisadi mövzularda müzakirə mühitinə töhfə kimi qiymətləndirilə bilər”, - müraciətdə qeyd edilir.
Sənədi Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Həsənov, müstəqil iqtisadçılar İnqilab Əhmədov, Elçin Rəşid, Azər Mehtiyev, Samir Əliyev, Rövşən Ağayev, Toğrul Vəliyev, Xətai Alıyev, Rəşad Həsənov imzalayıblar.
Fərid Mehralızadə mayın 30-da saxlanılıb.
O, "Abzas Media" əməkdaşlarına qarşı cinayət işi çərçivəsində xarici valyuta qaçaqmalçılığında ittiham olunub.