İqtisadçılar Nazim Bəydəmirlinin azadlığa buraxılması üçün müraciət edib

İqtisadçılar Nazim Bəydəmirlinin azadlığa buraxılması üçün müraciət edib

22-07-2024 13:09 / Bu xəbər 549 dəfə oxundu

"Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir”

Azərbaycanlı iqtisadçılar həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Bildiriblər ki, Nazim Bəydəmirli artıq bir ildən artıqdır ki, həbs edilib. 

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə, sentyabrın 1-də isə 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittihamlar irəli sürülüb. 

İyulun 10-da Bakı Apelyasiya Məhkəməsi iqtisadçı barəsində həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

"Vəkilləri, ictimaiyyət nümayəndələri Nazim müəllimin həbsinin ötən il Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazına diqqətlə yanaşmanın vacibliyini qeyd etməsi ilə əlaqələndirirlər. Axı o, gədəbəylidir. Təbii ki, tanınmış ziyalı və iş adamı olduğuna görə biganə qala bilməzdi”, - deyə onlar qeyd ediblər. 

Müraciət edənlər bildirib ki, Nazim Bəydəmirli həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətin, cəmiyyətin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. 

O, ictimai çıxışlarında ölkənin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışıb: "Bu da sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur. Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib. Onun 61 yaşı var və bir ildən çoxdur ki, həbsdədir. Barəsində seçilmiş həbs-qətimkan tədbirləri bir neçə dəfə uzadılıb, artıq iki aydan çoxdur məhkəməsi davam etdirilir”.

İqtisadçılar prezidentdən xahiş edib ki, onun səhhətini hazırki durumunu nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, ona qarşı irəli sürülmüş ittihamların ədalətli, şəffaf şəkildə araşdırılmasına yardım etsin.

Müraciəti imza edənlər:
Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri ;
Rasim Həsənov, İqtisad elmləri doktoru, İqtisad Universitetinin professor;
İnqilab Əhmədov, İqtisad elmləri doktoru, Xəzər Universitetinin professoru;
Azər Mehtiyev, İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti;
Elçin Rəşid, iqtisadçı ekspert;
Samir Əliyev, iqtisadçı ekspert;
Zöhrab İsmayıl, iqtisadçı ekspert;
Vahid Məhərrəmov, iqtisadçı ekspert.