İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Dəyirmi masa keçirdi

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Dəyirmi masa keçirdi

25-10-2019 16:21 / Bu xəbər 1934 dəfə oxundu

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud durum və sistemin təkmilləşdirilməsi üzrə tövsiyələr" mövzusunda Dəyirmi masa keçirib.

Arqument.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirib ki, təşkilat "Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində problemlərin həlli ilə bağlı ictimai müzakirlərin və ictimai vəkilliyin təşkili” adlı layihə həyata keçirib: 

"Bu layihə Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində baş tutub. Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə məsləhətləşmələr əsasında kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələr hazırlanıb". 

Sonra layihə haqqında ətraflı məlumat verən Azər Mehtiyev qeyd edib ki, araşdırma nəticəsində kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud aşağıdakı problemlər aşkarlanıb: 
• qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində demək olar ki, bu fəaliyyətlər həyata keçirilmir; 
• kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması və daşınması fəaliyyətinin həyata keçirilməsinin işlək mexanizmləri nə qanunvericilikdə, nə də praktik təcrübədə yoxdur;
• kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması işlərinin təşkili üçün dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır; 
• kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin vəzifə və səlahiyyətləri daha çox nəzarətedici xarakterə malikdir; 
• xarici təcrübədə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyətlər əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olduğu halda, ölkəmizdə bu sahədə bələdiyyələrə yalnız maarifləndirmə rolu həvalə olunub; 
• ölkəmizin kənd yaşayış məntəqələrində bərk məişət tullantılarının, xüsusilə plastik materialların yığılması üçün xüsusi tutumlar yoxdur;
• kənd yaşayış məntəqələrində məişət tullantılarının yaranmasının uçot və hesabatlılığı sistemi ümumiyyətlə qurulmayıb;
• kənd yaşayış məntəəqlərində yaşayan insanların məişət tullantılarının ətraf mühitə, cəmiyyətə və insan sağlamlığına zərərləri və mənfi təsirləri haqqında bilgiləri son dərəcə azdır, bu sahədə yetərli maarifləndirmə işləri aparılmır;
• Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla, ölkənin digər ərazilərində istehsalalt və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb və s."

Layihə çərçivəsində Polşa, Türkiyə, Rusiya və Gürcüstanın bu sahədəki təcrübələrinin araşdırıldığını bildirən A.Mehtiyev vurğulayıb ki, həmin ölkələrdə kənd yerlərində məişət tullantılaırnın toplanması, daşınması və emal edilməsi məsələləri əsasən bələdiyyələrin səlahiyyətindədir: "Bələdiyyələr bu işi ya bilavasitə özləri, ya bələdiyyələrarası kooperasiya yolu, ya da öəl qurumlarla əməkdaşlıq formasında həyata keçirirlər. Dövlət qurumları isə, başlıca olaraq, bu sahədə milli siyasətin müəyyən edilməsi və onun icrasının təmin edilməsi ilə məşğul olurlar. Azərbaycanda isə qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilib, bələdiyyələrə isə yalnız maarifləndirmə rolu həvalə olunub". 

Təqdimatda qeyd olunub ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin aşağıdakı 3 alternativ mexanizmindən birinin tətbiqini mümkün hesab edir:  
• kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin mənzil-kommumal təsərrüfatı qurumlarının müstəsna səlahiyyəti kimi müəyyən edilməsi və onlara bu işi həyata keçirmələri üçün real imkanların təmin edilməsi; 
• kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin bələdiyyələrin müstəsna səlahiyyəti kimi tanınması və bələdiyyələrə bu işi həyata keçirmələri üçün real imkanların yaradılması; 
• özəl operatorların xidmətindən istifadə".

İqtisadi Təşəbbüslərə Yardım ictimai Birliyi kənd ərazilərinin məişət tullantılarından təmizlənməsi işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsini daha məqsədəuyğun hesab edir. 

Onların fikrincə, bələdiyyələr bu xidmətlərin təşkilini aşağıdakı formada reallaşdıra bilər:
• Bilavasitə bələdiyyələrin nəzdində yaradılan mənzil-kommunal departamentləri yaratmaqla; 
• Bələdiyyə mülkiyyəti olmaqla ayrıca məişət tullantıların idarə olunması üzrə ixtisaslaşmış müstəqil bələdiyyələrin müəssisəsi yaratmaqla; 
• Bir neçə bələdiyyəyə xidmət göstərən birliklər (bələdiyyələrarası müəssisə) formasında.

Çıxışının sonunda A.Mehtiyev bildirib ki, hazırlanmış təklif və tövsiyələr bu müzakirələrdən sonra təkmilləşdirilərək müvafiq hökumət qurumlarına, habelə digər maraqlı tərəflərə təqdim ediləcək. 

Sonra tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirliyinin təmsilçisi Ceyhun Hüseynov  həyata keçirilən layihənin son dərəcə mühüm və əhəmiyyətli bir mövzuya həsr edildiyini bildirib. 

Son illər Bakı və Abşeron zonasında məişət tullantılarının toplanması, təmizlənməsi, emalı, belə tullantıların cəmiyyətə və təbiətə mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən C.Hüseynov ölkənin kənd yerlərində bu problemin həllinə dövlətlə yanaşı vətəndaşların da böyük diqqət yetirməli olduğunu vurğulayıb. 

O, bölgələrdə və kənd yerlərində məişət tullantılarının idarə edilməsi sisteminin qurulması istiqamətində işlərin hələ ilkin mərhələdə olduğunu, hökumətin müvafiq tədbirlər planında bununla bağlı müəyyən fəaliyyətlərin nəzərdə tutulduğunu bildirib. 

Kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

İqtisadiyyat nazirliyinin və "Təmiz Şəhər”  ASC-nin nümayəndəsi Səbuhi Babayev belə mühüm məsələyə diqqət yetirdiyi üçün vətəndaş cəmiyyətinə təşəkkür edib.

O, "Təmiz Şəhər” ASC-nin fəaliyyət mexanizmi barədə məlumat verdi və qeyd edib ki, ASC Bakı şəhərinin 12 inzibati rayonuna xidmət göstərir. 

Məişət tullantılarının toplanması və daşınmasına icra hakimiyyətləri cavabdehlik daşıyır. 

O qeyd edib ki, hazırda Şəvəlan və Qaradağ rayonlaırnın ərazisində məişət tullantılarının qəbulu məntəqələri tikilməkdədir. 

S.Babayev vurğulayıb ki, hazıırda Bakıdan başqa ölkənin heç bir yerində məişət tullantılarının daşınması üçün müvafiq tələblərə cavab verən sanitariya poliqonları yoxdur. Milli Strategiyada ölkənin 12 ərazisində belə poliqonların qurulması nəzərdə tutulur. 

Müzakirələrdə iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri həyata keçirilən layihənin son dərəcə mühüm bir mövziya həsr edildiyini və layihə çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd etdilər və müzakirəyə çıxarılan təkliflərin təkmilləşdirilməsi üzrə tövsiyələrini veriblər. 

Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev bu məsələnin bələdiyyələrin səlahiyyətinə verilməsi ilə prinsipcə razılaşdığını, lakin indiki halda bu məsələyə dövlət qurumlarının daha çox diqqət ayırmalı olduğunu, xüsusilə sahənin idarə edilməsinin hüquqi bazasının təkmilləşdirilməsinə diqqətin artırılması və bu problemlərin həllinə beynəlxalq təşkilatların cəlb edilməsi zəruriliyini vurğulayıb. 

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin sədri Mehriban Vəzir bu sahədə bağçalardan başlayaraq bütün təhsil səviyyələrində, habelə cəmiyyətdə geniş maarifləndirmə işlərinin təşkilinə diqqət ayrılmasının vacibliyini, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov problemin həllinin qanunvericilikdə bu məsələlər üzrə səlahiyyət və məsuliyyətin dəqiq müəyyən edilməsindən başlamalı olduğunu vurğulayıblar. 

"Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işi ilə mərkəzi idarəetmə qurumların məşğul olmasının ümumiyyətlə anlaşılmaz olduğunu, bu işin məhz bələdiyyələrə aid olduğunu və səlahiyyətin, müvafiq maliyyə təminatı yaradılması şərti ilə, bələdiyyələrə ötürülməsinin vacib olduğunu deyib. 

Bazar İqtisadiyyatına və Sahibkarlığın İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov problemin əslində kənd yaşayış məntəqələrində və bütünlüklə ölkədə mülkiyyət hüquqlarının dəqiq təyin edilməməsindən, insanların yaşadıqları əraziyə kifayət qədər sahiblənməməsindən qaynaqlandığını bildirib və çıxış yolunun məhz mülkiyyət münasibətlərinin təkmilləşdirilməsində olduğunu vurğulayıb. 
 
Tədbirdə çıxış edən digər vətəndaş cəmiyyəti təmsilçiləri də bu işlərin bələdiyyələrin səlahiyyətinə verilməsini məqsədəuyğun hesab etsələr də, indiki şəraitdə bələdiyyələrin bu işlərin öhdəsindən gələ biləcəklərinə ehtiyatla yanaşdıqlarını bildiriblər.