İran “Azadlıq” radiosunun prezidentinə də sankisiya tətbiq etdi

İran “Azadlıq” radiosunun prezidentinə də sankisiya tətbiq etdi

22-02-2023 17:08 / Bu xəbər 991 dəfə oxundu

Siyahıda 20 şəxs və 2 qurumun adı var

İranın Xarici İşlər Nazirliyi Avropadan olan 20 vəzifəli şəxsi və 2 qurumu sanksiya siyahısına salıb.

Sanksiya siyahısına "Azadlıq” radiosunun (AzadAvropa) Prezidenti Ceymi Flay (Jamie Fly) də salınıb.

Bununla yanaşı, fransalı nazirlər, Almaniya parlamentinin üzvləri, həmçinin Avropa Parlamentinin Fransa və Belçikadan üzvləri də siyahıda yer alıb.

Bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Tehran qərarı Aİ-nin sanksiyasına cavab kimi əsaslandırır

İranın Xarici İşlər Nazirliyi bu qərarı Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq verdiyini bəyan edib.

Xarici İşlər Nazirliyi fevralın 22-də yaydığı bəyanatda qeyd edir ki, siyahıya düşənlərin İrana girişi qadağan edilir, eyni zamanda onların İrandakı əmlak və aktivləri müsadirə olunacaq.

Rəsmi Tehran bildirib ki, sanskiyaya salınmış şəxs və qurumlar İranın daxili işlərinə müdaxilə edir, terrorizmi və terror qruplarını dəstəkləyir.

Nazirlik həmçinin həmin şəxsləri İran xalqına qarşı çıxmaq, zorakılığı qızışdırmaq, təşviq etmək, habelə iğtişaşları təbliğ etmək, İran haqqında yalan məlumatlar yaymaqda günahlandırıb.

Bəyanatda həmçinin bu şəxslər İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsində əsas rol almaqda ittiham olunublar.

Rəsmi Tehran hesab edir ki, Aİ və Böyük Britaniya İrana qarşı sərt sanksia tətbiq etməklə terrorizmlə mübarizə ilə bağlı beynəlxalq öhdəlikləri, həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn fundamental prinsiplərini aşkar şəkildə pozur.

Aİ və Britaniya niyə İrana sanksiya tətbiq edib?

Aİ və Britaniya fevralın 20-də İranda ictimai etirazlara qarşı repressiv siyasət yürüdən, zorakılığa yol verən məmur və qurumlara yeni sanksiya tətbiq edib.

Sənəddə bildirilir ki, 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin əxlaq polis tərəfindən saxlanılması və polis bölməsində ölməsi İranda kütləvi etirazlara səbəb olub.

Aİ və Britaniya hökuməti qeyd edir ki, etirazların amansızlıqla yatırılması nəticəsində 500 nəfərə yaxın şəxs öldürülüb, minlərlə insan həbs olunub.

Aİ-nin açıqladığı sanksiya siyahısında isə 32 şəxs və 2 qurumun adı var.

Eyni zamanda, İranın mədəniyyət və islami irşad, təhsil nazirləri, etirazçılara divan tutulmasını dəstəkləyən digər siyasətçilər də sanksiyaya məruz qalan şəxslər arasındadır.

İran isə "Azadlıq” radiosunun fars xidmətini (Radio Fərda) və Fransanın "Charlie Hebdo” satirik jurnalını 2022-ci ilin dekabrında sanksiya siyahısına salmışdı.